Bilik Fondu 20 Yanvar şəhidlərini yad edib
Bakı, 20 yanvar, AZƏRTAC
Xalqımızın tarixində həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi yer alan Qanlı Yanvar hadisələrindən 26 il ötür.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bununla əlaqədar ölkə daxilində və xaricdə silsilə tədbirlər keçirib. Fondun icraçı direktoru Oqtay Səmədov gənc nəslə yanvar hadisələri barədə geniş məlumat verməklə yanaşı, ölkəmizdə təhsil alan xarici vətəndaşlara da Azərbaycanın müstəqillik uğrunda mübarizəsindən və bu yolda verilən qurbanlardan danışıb.
Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə 20 Yanvara həsr olunan anma mərasimi təşkil edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bakıda təhsil alan Türkiyə, Türkmənistan, Rusiya, Özbəkistan, Peru, İndoneziya, İraq, Myanma və Çindən olan tələbələr, paytaxt məktəbliləri, KİV-lərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, 20 Yanvar hadisələri ilə bağlı çəkilmiş sənədli film nümayiş olunub.
Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı gənc nəslin tariximizin bu şanlı səhifəsini dərindən öyrənməsinin vacibliyini vurğulayıb.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev 1990-cı ilin tarixi hadisələri barədə iştirakçılara müfəssəl məlumat verib.
Tədbir çərçivəsində Dövlət Uşaq Filarmoniyası şagirdlərinin tədbirin gedişində çəkdikləri, faciəni əks etdirən rəsmlər sərgilənib.
Fondun Azərbaycan Universiteti ilə də birgə keçirdiyi digər anma tədbirində çıxış edənlər Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin hörmət və ehtiramla anıldığını, Vətən övladlarının qanları bahasına qazanılan müstəqilliyimizi qanımız və canımızla qorunmalı olduğumuzu vurğulayıblar.
Tədbirdə Azərbaycan Universiteti ilə SƏS Media Qrupunun birgə hazırladığı film nümayiş etdirilib.
Faciənin ildönümü ərəfəsində Bilik Fondunun yerli nümayəndələrinin təşkilatçılığı ilə bir sıra rayonlarda toplantılar keçirilib. Bütün ümumtəhsil məktəblərində Qanlı Yanvar hadisələrinə həsr edilmiş xüsusi dərslər aparılıb, sinif divar qəzetləri 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilib, ümumtəhsil məktəblərində tariximizin bu şanlı səhifəsini əks etdirən guşələr tərtib edilib, şagirdlərin əl işləri və rəsmlərindən ibarət sərgilər təşkil olunub.
20 Yanvar həqiqətlərinin dünyaya çatdırılması məqsədilə sosial aksiya keçirilib. Fondun rəsmi elektron ünvanından onun əməkdaşlıq etdiyi 200-dən çox xarici təşkilat və şəxsə 20 Yanvar faciəsi haqqında sənədli film və tarixi faktlarla zəngin məlumatlar göndərilib.