CƏMİYYƏT
Binəqədi rayonunda ekoloji problemlərin həlli istiqamətində müzakirələr aparılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları paytaxtın Binəqədi rayonu ərazisində ekoloji vəziyyətin təhlili və bu sahədə olan çatışmazlıqların aradan qaldırılması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə görüş keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə rayonda mövcud olan ekoloji problemlər və onların həlli istiqamətində müzakirələr aparılıb. Əsasən metallurgiya müəssisələrinin, ictimai-iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosfer havasına atılan tullantıların qarşısının alınması, bərk məişət tullantılarının düzgün idarə olunması, yeni yaşıllıq massivlərinin salınması üçün boş torpaq sahələrinin ayrılması və quru ağacların yerində yenilərinin əkilməsi məsələləri müzakirə edilib.
Belə görüşlərin digər rayonların icra hakimiyyətləri ilə də keçirilməsi nəzərdə tutulub.