Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edən şəxs tutulub
Bakı, 17 mart, AZƏRTAC
Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən ilin dekabrında Binəqədi rayon ərazisində bir qadına qarşı törədilən soyğunçuluq hadisəsinin üstü rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində açılıb. Belə ki, həmin vaxt naməlum şəxs zərərçəkənin mobil telefonunu əlindən alaraq hadisə yerindən yayınıb. Tədbir zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehdi Zeynalov tutulub.
Qeyd edək ki, hadisə zamanı zərərçəkən qadın yaşadığı yerə getmək üçün olduğu məkana taksi sifariş edib. Zərərçəkən şəxs sürücüyə yeri izah etməkdə çətinlik çəkdiyi üçün təsadüfən rastlaşdığı Mehdi Zeynalova mobil telefonu verərək ondan kömək istəyib. O, isə əvəzində qadının telefonunu ələ keçirərək hadisə yerindən qaçıb.
Faktla bağlı saxlanılan şəxs barəsində 5-ci polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.