BİOMÜXTƏLİFLİK BÜTÜN BƏŞƏRİYYƏTİN SƏRVƏTİDİR
Bakı, 22 may (AZƏRTAC). Mayın 22-də “İrəli” İctimai Birliyi və Azərbaycan Ekologiya Standartlarının Monitorinqi Fondu (AESMF) “22 may - Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya keçirmişdir.
Aksiyadan əvvəl “İrəli”nin qərargahında Biomüxtəliflik Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə “İrəli”nin nümayəndəsi Afaq Zeynalova, AESMF-nin sədri Rauf Sultanov, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyinin ictimai informasiya üzrə mütəxəssisi İqrar Əliyev və digərləri dünyada Beynəlxalq Biomüxtəliflik Gününün qeyd olunması ilə əlaqədar ətraflı məlumat vermiş, aksiyanın əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, təbii sərvətlərin mühüm tərkib hissəsi olan bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə və digər ekosistemləri və ekoloji komplekslər də daxil olmaqla, canlı orqanizmləri özündə birləşdirir. XX əsrin ortalarından etibarən bioloji müxtəlifliyə və ekosistemlərə təhlükə törədən amillərin sayı artmış, insanların həyat fəaliyyəti nəticəsində təbiyət deqradasiyaya uğramış, bir çox fauna və flora növləri məhv olmuş və ya onların sayı kəskin surətdə azalmışdır. Bu vəziyyətin aradan qaldırılması üçün bioloji müxtəlifliyin qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsi vacibdir. Biomüxtəliflik bütün bəşəriyyətin sərvətidir. Bu ehtiyatların tükənməsi yolverilməzdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda son illər bu sahədə çox iş görülmüşdür.
Vurğulanmışdır ki, aksiyanın məqsədi ictimaiyyət arasında bu istiqamətdə geniş ekoloji maarifləndirmə işinin həyata keçirməkdir. Bununla əlaqədar olaraq minlərlə buklet çap edilmişdir.
Sonra aksiyaya start verilmiş, şəhərin mərkəzi küçələrində əhaliyə ekoloji maarifləndirmə bukletləri paylanmışdır.
######
