Biosfer qoruqları şəbəkəsinə 32 obyektin daxil edilməsi təklif edilib
Bakı, 17 mart, AZƏRTAC
Martın 18-dən 19-dək Perunun paytaxtı Limada UNESCO-nun “İnsan və biosfer” proqramının Beynəlxalq Koordinasiya Şurasının iclası keçiriləcək. İclasda yeni obyektlərin UNESCO-nun biosfer qoruqları şəbəkəsinə daxil edilməsi haqqında bir sıra ölkələrin təklifləri nəzərdən keçiriləcək.
AZƏRTAC BMT-nin Xəbər Mərkəzinə istinadla xəbər verir ki, ümumilikdə bu il Şuranın müzakirəsinə 23 ölkədən (Avstraliya, Əlcəzair, Böyük Britaniya, Qana, Haiti, Honduras, İndoneziya, İran, İtaliya, İspaniya, Kanada, Qazaxıstan, Madaqaskar, Mərakeş, Meksika, Peru, Polşa, Portuqaliya, Koreya Respublikası, Tanzaniya, Filippin və Yaponiya) 32 ərizə daxil olub.
Biosfer qoruqları biomüxtəlifliyin öyrənilməsi və təbii ehtiyatları kompleks idarəetmədə fərqli yanaşmaların sınaqdan çıxarılması üçün “canlı laboratoriyalar” sayılan ərazilərdir. Çox vaxt bu qoruqlar sabit inkişaf nümunələri kimi nəzərdən keçirilir.
Hazırda biosfer qoruqlarının beynəlxalq şəbəkəsinə 120 ölkənin 651 obyekti daxildir.
Martın 17-də, Beynəlxalq Koordinasiya Şurasının toplantısından bir gün əvvəl Peruda Biosfer qoruqlarına dair 4-cü Ümumdünya Konqresi başa çatacaq. Konqresdə hökumətlərin, özəl sektorun və elmi birliyin mindən çox nümayəndəsi iştirak edir. Onlar Lima Bəyannaməsi və 2016-2025-ci illər üçün Fəaliyyət Planı qəbul etmək niyyətindədir. Həmin sənədlər biosfer qoruqlarının idarə edilməsi sahəsi ilə bağlı rəhbər prinsipləri ehtiva edəcək.