CƏMİYYƏT
Bir sıra ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Bakı, 14 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Türkiyənin İğdır vilayətində, İraqın Vasit, Ziqar əyalətlərində dabaq, Hindistanın Charkhand ştatında, Estoniyanın Rapla inzibati ərazi vahidində, Argentinanın Buenos-Ayres, Rio-Neqro əyalətlərində, Meksikanın Mexiko, Çixuaxua, Nuevo-Leon, Çyapas, Sonora, Oaxaka, Xalisko, Yukatan və Tamaulipas ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə Türkiyənin İğdır vilayətindən və İraqın Vasit, Ziqar əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, Hindistanın Charkhand ştatından, Estoniyanın Rapla inzibati ərazi vahidindən, Argentinanın Buenos-Ayres, Rio-Neqro əyalətlərindən, Meksikanın Mexiko, Çixuaxua, Nuevo-Leon, Çyapas, Sonora, Oaxaka, Xalisko, Yukatan və Tamaulipas ştatlarından WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.