BİRİNCİ BEYNƏLXALQ RUS KİTABI FESTİVALININ İŞTİRAKÇILARI VƏTƏNƏ YOLA DÜŞMÜŞLƏR
AZƏRTAC xəbər verir ki, festival iştirakçıları qısa müddət ərzində respublika rəhbərliyi, ictimai təşkilatların nümayəndələri və oxucular ilə görüşlər keçirmişlər. Yazıçılar və şairlər Şamaxı, Quba və Xaçmaza getmiş, orada sıx məskunlaşmış qaçqın və məcburi köçkünlərin həyat və məişəti ilə tanış olmuşlar.
Heydər Əliyev Fondu ilə tanışlıq çox maraqlı olmuşdur. Qonaqlar bu təşkilatın fəaliyyəti ilə tanış olmuş, Fondun prezidenti Mehriban xanım Əliyevanın rolunu yüksək qiymətləndirərək bildirmişlər ki, hazırda dünyada belə fondlar çoxdur, ancaq Heydər Əliyev Fondu onunla fərqlənir ki, müxtəlif istiqamətlərdə – mədəniyyət, tarix, təhsil, səhiyyə və sairə sahələrdə fəaliyyət göstərir. Festival iştirakçıları Azərbaycan Yazıçılar Birliyində və Atatürk Mərkəzində ölkə ədiblərinin iştirakı ilə dəyirmi masalar keçirmişlər. Festival Azərbaycan Dövlət Filarmoniyasında poeziya gecəsi ilə başa çatmışdır.
Yoladüşmə ərəfəsində yazıçı Çingiz Aytmatov demişdir: “Rus ədəbiyyatı, rus kitabı dünya kitab mədəniyyətinə çox böyük töhfə vermişdir. Düşünürəm ki, digər milli mədəniyyətlər kimi, Azərbaycan kitab mədəniyyəti də rus mədəniyyəti ilə əlaqədə layiqli yerini tutur. Buna görə də festivalın millətlərarası əhəmiyyəti var. Mənim əsərlərim bir çox dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə olunmuşdur. Mən burada avtoqrafımla çoxlu kitab paylamışam. İstərdim ki, tale yolum hələ uzun illər Azərbaycandan keçsin və mən, budəfəki kimi, öz kitablarımı gətirib Azərbaycan oxucularına hədiyyə edim”.
Xatırladaq ki, Rusiya nümayəndə heyəti Azərbaycana müxtəlif – hərbi, bədii-publisistik, detektiv və sairə mövzularda 15 min nəşr gətirmişdir. Kitabların bir hissəsi Heydər Əliyev Fonduna təqdim olunmuş, digər hissəsi satılır (satışdan əldə olunan vəsait uşaq kitabxanalarının inkişafına yönəldiləcəkdir), qalanı isə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına veriləcəkdir.