BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏKİ AZƏRBAYCAN DİASPORU İSVEÇ PARLAMENTİNİN SƏDRİNƏ MÜRACİƏT ÜNVANLAMIŞDIR
Bakı, 13 mart (AZƏRTAC). İsveç parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı məsələni müzakirəyə çıxarması Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Azərbaycan diasporunun etirazına səbəb olmuşdur.
BƏƏ-dəki Azərbaycan diasporunun rəhbəri Samir İmanov demişdir ki, bununla əlaqədar İsveç parlamentinin sədrinə müraciət qəbul olunmuşdur.
Müraciətdə deyilir: “Tarixdə “erməni soyqırımı” adlı bir hadisə baş verməmişdir. Bu, erməni xülyasıdır və onlar olmayan hadisəni soyqırımı kimi təqdim etmək istəyirlər. Artıq bütün dünyaya məlumdur ki, erməni silahlı birləşmələri 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində əsl soyqırımı törədərək, 600 -dən çox dinc sakini bir gecədə vəhşicəsinə qətlə yetirmiş, şəhəri yerlə-yeksan etmişlər. Ümumiyyətlə, XX əsrin birinci yarısında ermənilər Qafqazda iki milyon azərbaycanlını və türkü, eləcə də digər millətlərin nümayəndələrini qətlə yetirmiş, doğma yurd-yuvalarından didərgin salmışlar. 1918- ci il martın 31-də ermənilər Azərbaycanda yerli əhalini kütləvi surətdə soyqırımına məruz qoymuşlar. Erməni millətçilərindən olan Stepan Şaumyanın sözlərinə görə, həmin vaxt 6000 sovet əsgərinin və 4000 Daşnaksütyun Partiyasının üzvünün birgə keçirdikləri soyqırımı aktı nəticəsində çoxlu sayda azərbaycanlı, rus, yəhudi qətlə yetirilmiş, əsl soyqırımına məruz qalmışlar”.
Sənəddə, həmçinin ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində terrorçu qrupların hazırlandığı, narkotik maddələrin yetişdirildiyi də xüsusi qeyd edilir. Müraciətin sonunda parlamentin sədrinin və deputatların qondarma “erməni soyqırımı”nı tanımayacaqlarına, əslində azərbaycanlıların məruz qaldıqları soyqırımına diqqət verəcəklərinə əminlik ifadə olunmuşdur.