Birləşmiş Ərəb Əmirliklərindəki icmamız IWF prezidentinə müraciət edib
Bakı, 18 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən Azərbaycan icması və Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ-dəki koordinatoru Nuranə Hüseynova Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti Mohammed Caluda məktubla müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması faktına diqqət cəlb olunub, BƏƏ-də yaşayan soydaşlarımızın dərin narahatlığı ifadə edilib. Azərbaycan bayrağının ölkəmizi, xalqımızı və onun dəyərlərini təmsil etdiyi, suverenliyimizin, mədəniyyətimizin və irsimizin rəmzi olduğu bir daha xatırladılıb. Ermənistan baş nazirinin iştirak etdiyi tədbirdə bayraq vandalizminin baş verməsi təkcə xalqımıza qarşı təhqir kimi deyil, həm də beynəlxalq idman tədbirlərinin əsasını təşkil edən idman davranışı və ədalətli oyun prinsiplərinin pozulması kimi qiymətləndirilib.
Dağlıq Qarabağ münaqişəsinin minlərlə azərbaycanlının öz yurd-yuvasından didərgin düşməsi, mədəni irsimizin məhv edilməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarında vandalizm və dağıntılar törətməsi ilə nəticələndiyi, xalqımıza, tariximizə qarşı bu cür təcavüzkarlıq hallarının davam etməsinin yolverilməz olduğu vurğulanıb, beynəlxalq ictimaiyyətin bu ədalətsizliyə qarşı qəti mövqe sərgiləyəcəyinə ümid ifadə edilib.
Məktubun sonunda IWF prezidentinə Azərbaycan bayrağının yandırılması insidentinə ciddi yanaşmaq və gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi tədbirlər görmək çağırışı ünvanlanıb.