Bişkekdə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək
Minsk, 27 may, AZƏRTAC
İyunun 7-də Bişkekdə MDB Hökumət Başçıları Şurasının (HBŞ) iclası keçiriləcək. Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a məlumat veriblər ki, iclasda Birlik ölkələrinin müxtəlif sahələrdə əməkdaşlığının daha da genişlənməsinə və dərinləşməsinə yönələn iyirmidən çox sənəd layihəsini nəzərdən keçirmək planlaşdırılır.
Bu layihələrin çoxu qarşılıqlı fəaliyyətin iqtisadiyyat sahəsinə aiddir.
Gözlənildiyinə görə, tərəflər azad ticarət zonasının fəaliyyətinin səmərəliliyinin artırılması, elektrik enerjisi sahəsində innovativ əməkdaşlıq, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, radioaktiv mənbələrin yerdəyişməsi, aqrobiomüxtəlifliyin saxlanması məsələlərini nəzərdən keçirəcəklər.
İclasda 2020-ci ilə qədər MDB ölkələrində əhalinin siyahıya alınmasının keçirilməsi haqqında məsələni müzakirə etmək planlaşdırılır.
Gündəliyin layihəsinə səhiyyə sahəsində əməkdaşlıq haqqında bir sıra məsələlər daxil edilib.
Bundan əlavə, hökumət başçıları Birlik ölkələrinin mədəniyyət və incəsənət sahəsində nailiyyətlərinə baxış məqsədi daşıyan və humanitar əməkdaşlığın möhkəmlənməsinə yönələn “ART EXPO” beynəlxalq sərgisinin keçirilməsi məsələlərini müzakirə edəcəklər.
İclasda bəzi təhsil müəssisələrinə MDB ölkələrinin gənclərlə iş, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, ərazilərin minalardan təmizlənməsi sahəsində silahlı qüvvələr üçün mütəxəssislərin hazırlanması, kimya sahəsində kadrların ixtisasının artırılması, habelə hərbi metrologiya problemlərinin tədqiqi və nəqliyyat kompleksinin inkişafının elmi-texniki təminatı üzrə baza təşkilatları statusunun verilməsi haqqında qərar layihələrini nəzərdən keçirmək nəzərdə tutulub.
Hökumət başçıları MDB orqanlarının vahid büdcəsinə dəyişikliklərin edilməsi, burada keçirilən sənədli təftişin nəticələri haqqında qərar layihələrini nəzərdən keçirəcək, növbəti görüşün tarixini və yerini müəyyən edəcəklər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk