MƏDƏNİYYƏT
BMA-nın məktəb-studiyasının 40 illiyinə həsr olunmuş müsabiqə keçiriləcək
Bakı, 21 aprel, AZƏRTAC
Eksperimental tədris müəssisəsinin bərqərar olunmuş ənənələrini qoruyub saxlayan, müntəzəm olaraq yaradıcılıq yenilikləri ilə çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyası növbəti dəfə Beynəlxalq müsabiqənin keçirilməsini planlaşdırır. Bu müsabiqə BMA-nın məktəb-studiyasının 40 illik yubileyinə həsr olunub.
Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, “Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik” beynəlxalq müsabiqəsinin iyunun 15–dən 30-dək keçirilməsi nəzərdə tutulur.
Müsabiqə iştirakçılarının çıxışları onların təqdim etdikləri videoyazı əsasında qiymətləndiriləcək. Müsabiqə layihəsinin müəllifi BMA-nın məktəb-studiyasının direktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov, təşkilat komitəsi və münsiflər heyətinin sədri BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylidir.
Müsabiqə iştirakçılarının qarşısına qoyulan tələb – musiqi ədəbiyyatı fənnindən tədris olunan mövzulardan hər hansı birini həmin müsabiqədə təqdim etməkdir. Məruzə instrumental musiqinin fraqmentlərini fortepianoda (və ya digər musiqi alətində) ifa etmək və ya vokal musiqini öz müşayiəti ilə oxumaqla təsvir olunmalıdır.
Müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün BMA-nın rəsmi saytına daxil ola bilərsiniz: http://musicacademy.edu.az