BMT BAŞ KATİBİNİN BEYNƏLXALQ SÜLH GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏTİ
İyirmi beş il əvvəl BMT Baş Məclisinin Beynəlxalq Sülh gününü qlobal atəşkəs və zorakılıqdan imtina günü kimi elan etdiyini bildirən K.Annan bu gün insanları sülh barədə düşünməkdən əlavə, onun naminə hər hansı addım atmağa çağırmışdır. Müraciətdə deyilir: “İlin digər 364 günündə olduğu kimi, bu gün də günahsız insanlar öldürülür. BMT dünyada sülh naminə işini müxtəlif tərzdə həyata keçirir. Biz yenidən qan tökülməsinin qarşısını almaq üçün əlimizdən gələni edirik”.
Baş katib rəhbərlik etdiyi qurumun sülhməramlı missiyalarının, habelə demokratiya və insan hüquqlarının dəstəklənməsinə yönəlmiş səylərinin həqiqətən də vəziyyəti müsbət istiqamətə doğru dəyişdiyini qeyd etmiş, hazırda dünyada müharibələrin sayının ötən onilliklərə nisbətən azaldığını bildirmişdir. O, bununla belə, indi dünyadakı mövcud müharibələrin bu sahədə görüləcək xeyli işin olmasından xəbər verdiyini demişdir.
K.Annan müraciətində insanları bu günü sülh naminə bir dəqiqəlik sükutla qeyd etməyə, davamlı sülhün təmin edilməsi naminə nəyi isə dəyişmək iqtidarında olduğumuz sahədə daha çox səy göstərmək üçün söz verməyə çağırmışdır.