BMT ekspertləri Hindistan hökumətini siqhəsilli blogeri azad etməyə çağırıblar
Bakı, 22 aprel, AZƏRTAC
BMT İnsan Hüquqları Şurasının ekspertləri Hindistanda uzun müddətdir qeyri-qanuni həbsdə saxlanılan Şotlandiya vətəndaşı siqhəsilli bloger və insan hüquqları müdafiəçisi Caqtar Sinq Cohalın dərhal azad edilməsini tələb edən bəyanatla çıxış ediblər.
Bakı Təşəbbüs Qrupundan AZƏRTAC-a verilən məlumata görə, Cohal 2017-ci ilin noyabr ayında həbs edilib. Ona sağçı hindu liderlərinə qarşı terror aktlarının planlanmasında iştirak etmək ittihamı irəli sürülüb. İşgəncələrin qarşısının alınması sahəsində ixtisaslaşmış xüsusi məruzəçilər də daxil olmaqla, BMT-nin 10 müstəqil eksperti birgə bəyanatda onun səkkiz ildən artıq müddətdir ki, azadlıqdan məhrum edildiyini və qeyri-qanuni həbsdə saxlanıldığını vurğulayaraq məhkəmə işinin hələ də yekunlaşmadığını qeyd ediblər.
Caqtar Sinq Cohal siqh icmasının fəal üzvü, bloger və insan hüquqları müdafiəçisi olmaqla yanaşı, Hindistan dövlətinin siqh azlığına qarşı yürütdüyü siyasətin açıq tənqidçisi kimi tanınır. Onun fəaliyyəti əsasən Hindistan hökumətinin siqh icmasına qarşı həyata keçirdiyi sistemli zorakılıq aktlarını, dövlət səviyyəsində baş verdiyi insan hüquqları pozuntularını və etnik-dini azlıqlara qarşı tətbiq edilən ayrı-seçkilik siyasətini beynəlxalq ictimaiyyətə çatdırmaq üzərində qurulub.
BMT İnsan Hüquqları Şurasının ekspertləri bildiriblər ki, Cohal saxlanıldığı ilk 10 gün ərzində ailə üzvləri və vəkili ilə əlaqə saxlaya bilməyib. Onların sözlərinə görə, bu müddətdə o, Hindistan hüquq-mühafizə orqanları tərəfindən işgəncəyə, öldürülmə hədələrinə və digər qanunsuz rəftara məruz qalıb.
Bəyanatda qeyd olunur ki, Cohal 2025-ci ilin martında terrorizm ittihamı üzrə bəraət alsa da, hələ də həbsdə saxlanılır. Ekspertlər bunu təqsirsizlik prezumpsiyasına hörmətsizlik, eyni ittihamlar üzrə təkrar mühakimə və antiterror qanunvericiliyindən sui-istifadə kimi qiymətləndiriblər.
Ekspertlər Hindistan hökumətini bütün əsassız ittihamları ləğv etməyə, Cohalı dərhal azad etməyə və işgəncə iddiaları üzrə müstəqil araşdırma aparmağa çağırıblar.