BMT-nin Baş katibi: Süni intellekt geosiyasi ziddiyyətləri dərinləşdirə bilər

Bakı, 12 fevral, AZƏRTAC
Fransanın paytaxtında “Grand Palais” muzeyinin parlaq fonunda süni intellektlə (AI) bağlı təhlükəsizlik sammitində çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, bu yeni texnologiyanın imkanlarının artan konsentrasiyası geosiyasi ziddiyyətləri dərinləşdirmək riski daşıyır.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Antonio Quterreş həmrəylik, ədalətli siyasət və biznes maraqlarına uyğun olaraq, “qlobal qoruyucu vasitələri” təcili olaraq razılaşdırmağı və tətbiq etməyə, həmçinin bu sahədə ən yaxşı təcrübələri paylaşmağa çağırıb.
Milli liderlər və texnoloji rəhbərlərə müraciət edən BMT-nin rəhbəri təmiz enerji həllərini də önə çəkməyə çağırıb, çünki süni intellekt məlumat mərkəzləri artıq planetimizdə müəyyən bir gərginlik yaradır. Antonio Quterreş əlavə edib: “Daha az enerji istehlak edən və enerjidən istifadəni optimallaşdırmaq üçün süni intellekti smart şəbəkələrə inteqrasiya edən AI alqoritmləri və infrastrukturlarının dizaynı çox vacibdir. Məlumat mərkəzlərindən təlim modellərinə qədər bütün süni intellekt modelləri davamlı enerji mənbələri ilə işləməlidir ki, o, daha dayanıqlı gələcəyə xidmət edə bilsin”.
Baş katib vurğulayıb ki, ardıcıl inkişaf edən süni intellekt dünyada bərabərsizlikləri möhkəmləndirməyə deyil, hamılıqla razılaşdırılmış Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) sürətləndirilməsinə kömək etməlidir.
Sammitdə ABŞ-ın maraqlarını təmsil edən vitse-prezident Ceyms Vens bildirib ki, süni intellekt sektoruna 450 milyard dollar sərmayə qoyulması planlaşdırılıb. O, AI üzərində həddindən artıq sərt nəzarətə qarşı xəbərdarlıq edib: “AI sektorunun həddindən artıq tənzimlənməsi transformasiya edən sənayeni məhv edə bilər.
ABŞ-ın vitse-prezidenti, həmçinin Paris sammitinin süni intellektin təhlükəsizliyi və bu istiqamətdə həyata keçiriləcək tədbirlərlə bağlı yekun Bəyannaməsini imzalamaqdan da imtina edib.