BMT-NİN BAŞ KATİBİ VƏZİFƏSİNƏ NAMİZƏDLƏR ÜZRƏ SORĞU KEÇİRİLƏCƏK
BMT diplomatları bildirmişlər ki, İsrail ilə “Hizbullah” arasında münaqişəyə görə iclas təxirə salınmasa, 15 ölkənin daxil olduğu TŞ bazar ertəsi gizli səsvermə keçirəcəkdir.
Britaniya diplomatı namizədlərin populyarlıq qaydasında səsə qoyulacağı qapalı iclas haqqında demişdir ki, bu, “gözəllik müsabiqəsi”dir. Səsvermə anonimdir və veto hüququna malik ölkələrin kimi dəstəkləyəcəyi bu mərhələdə məlum olmayacaqdır.
Təhlükəsizlik Şurasının dəstəklədiyi bir-iki namizədin adları məlum olduqda TŞ-nin üzvləri paytaxtlarda məsləhətləşmələr aparacaq və yenidən səs verəcəklər.
Qana vətəndaşı olan Annanın baş katib vəzifəsində ikinci beşillik müddəti cari ilin sonunda bitir. Asiya ölkələri iddia edirlər ki, coğrafi rotasiya əsasında bu vəzifəni tutmaq üçün indi onların növbəsi gəlib çatmışdır. ABŞ və Britaniya deyirlər ki, Təhlükəsizlik Şurası ən layiqli namizədi seçməlidir, onun mütləq Asiyadan olması heç də şərt deyildir.
Dörd namizədin ikisi BMT-nin keçmiş və indiki əməkdaşıdır. Hindistanlı Şaşi Tarur BMT baş katibinin ictimaiyyətlə əlaqələr üzrə müavinidir, Annanın müşaviridir. Şri-Lankadan olan Cayantha Dhanapala baş katiblə dostdur, onun tərksilah məsələləri üzrə müavini işləmişdir.
Digər iki namizəd isə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) dəstəklədiyi Tailand Baş nazirinin müavini Surakirat Satiratay və Cənubi Koreyanın xarici işlər naziri Pan Gi Mundur.
Namizədlər Təhlükəsizlik Şurasının üzvü olan ölkələrə gedərək, onların dəstəyini qazanmağa çalışırlar. Buna baxmayaraq, son sözü veto hüququ olan TŞ-nin beş üzvü - Böyük Britaniya, ABŞ, Fransa, Rusiya və Çin deyəcəkdir.
Lakin hər namizədin heç olmasa bir “eybi” var.
Tarur baş katib Annanın aparatı ilə sıx bağlıdır, habelə Pakistan Hindistanın namizədinə qarşı kampaniya aparacaqdır. Bu da əhəmiyyətli amildir ki, TŞ üzvləri namizədlər arasında münaqişələr olmayan kiçik ölkələrin təmsilçilərinə üstünlük verirlər.
Dhanapala 67 yaşındadır. Bu isə BMT məmurları üçün nəzərdə tutulan rəsmi pensiya yaşından iki il artıqdır.
Munu Cənubi Koreyanın KXDR-i insan hüquqlarının pozulmasına görə məsuliyyətə çağırmağa qadir olmamaq üstündə tənqid edirlər. Təhlükəsizlik Şurasında daimi yer tutmağa çalışan Yaponiya da onun namizədliyinin əleyhinədir.
Satiratay vətənində populyar deyil və insan hüquqları, demokratiya üzrə möhkəm mövqe tutmadığına görə qınanır.