İQTİSADİYYAT
BMT rəsmisi: ESG üzrə vahid platformanın təqdimatı düzgün planlaşdırmanın göstəricisidir
Bakı, AZƏRTAC, 6 noyabr
Ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə vahid platformanın təqdimatı düzgün planlaşdırmanın göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, ABB və “Azercell Telecom” MMC-nin dəstəyi ilə ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə vahid platformanın və milli standartın təqdimatı ilə bağlı keçirilən konfransda BMT-nin Azərbaycan Ofisinin tərəfdaşlıq məsələləri üzrə məsul şəxsi Ülviyyə Əkbər bildirib.
O bildirib ki, güclü komanda, böyük zəhmət bahasına belə bir iş ərsəyə gəlib.
“Biz BMT Azərbaycan olaraq ölkəmizin COP29-da sədrliyinə dəstək göstərmək məqsədilə “29 iqlim söhbəti, COP29-a gedən yol” adlı təşəbbüsə başlamışıq. Hazırda Azərbaycanda iqlim fəaliyyəti ilə bağlı geniş iş aparılır. Biz də bu təşəbbüs çərçivəsində dövlət-özəl sektor və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə birgə 28 tədbir təşkil etmişik. Sonuncu tədbirimiz isə COP29-un pavilyonunda olacaq. Bu tədbirlər yeni başlanğıcın əsasını qoyub və yeni əməkdaşlıqlar nəticəsində çox müsbət nəticələr əldə edəcəyimizə ümidvarıq”, - deyə Ülviyyə Əkbər vurğulayıb.