BMT TƏHLÜKƏSİZLİK ŞURASI NÖVBƏTİ BAŞ KATİBİN SEÇİLMƏSİ MƏSƏLƏSİNƏ DAİR MƏSLƏHƏTLƏŞMƏLƏRƏ BAŞLAMIŞDIR
İndiki baş katibin səlahiyyət müddəti cari ilin sonunda bitir. BMT-nin Nizamnaməsinə əsasən, “baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Məclis tərəfindən təyin edilir”.
BMT-nin yeni rəhbəri seçilərkən coğrafi rotasiya prinsipi indiyədək həlledici amil olmuşdur. Üzv ölkələrin əksəriyyətinin rəyincə, indi Asiyanın növbəsidir. Cənubi Koreyanın xarici işlər naziri Pan Gi Mun, Tailand Baş nazirinin müavini Surakiat Satientay və əvvəllər BMT baş katibinin tərk-silah məsələləri üzrə müavini olmuş Cayantha Dhanapala (Şri-Lanka) öz namizədliklərini irəli sürmüşlər.
ABŞ coğrafi rotasiya prinsipinin əleyhinədir və hesab edir ki, dünyanın hansı regionunu təmsil etməsindən asılı olmayaraq, bu vəzifəyə zəngin idarəçilik təcrübəsinə malik çox yüksəkixtisaslı xadim seçilməlidir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Con Boltonun sözlərinə görə, coğrafi rotasiya prinsipinə, əslində, heç vaxt riayət olunmayıbdır. O xatırlatmışdır ki, BMT-nin tarixi ərzində baş katiblərdən üçü Qərbi Avropanı, biri Latın Amerikasını, ikisi Afrikanı və biri Asiyanı təmsil etmişdir. Lakin Şərqi Avropa qrupu BMT-nin baş katibi vəzifəsində bir dəfə də təmsil olunmayıbdır. Odur ki, əgər bu prinsip əsas götürülərsə, onda Şərqi Avropa nümayəndələrinin də bu vəzifəni tutmaq iddiasında olmağa tam haqqı var.
Diplomatların fikrincə, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün mövqeyi növbəti baş katib vəzifəsinə namizəd seçilərkən həlledici rol oynayacaqdır. Onların ikisi - Rusiya və Çin Asiya ölkələrindən namizədi dəstəkləmək niyyətindədir.
Lakin heç də bütün ölkələr baş katib seçilməsinin mövcud prosesini kifayət qədər şəffaf və obyektiv saymır. Məsələn, Kanadanın BMT iqamətgahında yayılmış işçi sənədində deyilir ki, bu proses məxfi xarakter daşıyır, çünki hər şey, əslində, BMT TŞ-də həll edilir, Baş Məclis isə onun tövsiyəsini ancaq ştamplayır. Kanadalıların fikrincə, bütün üzv dövlətləri bu prosesə daha fəal cəlb etmək lazımdır. Bunun üçün onlar geniş məsləhətləşmələr aparılmasını təklif edərək bildirirlər ki, bu zaman baş katib vəzifəsinə namizədlər öz seçkiqabağı siyasi platformalarını ətraflı açıqlayarlar. Kanadalılar potensial namizədləri müəyyənləşdirmək üçün xüsusi komitə yaradılmasını da təklif edirlər.