AZƏRTAC xəbər verir ki, “Vaşinqton tayms” qəzetinin BMT Baş Məclisinin Nyu-Yorkda keçirilmiş iclasında verilmiş bəyanatlara istinadla yazdığına görə, Birləşmiş Millətlər Təşkilatı jurnalistlərə terrorçuluqla bu və ya digər dərəcədə bağlı hadisələri işıqlandırmaq sahəsində mətbuat üçün yeni etik məcəlləni könüllü qəbul etmək təklifini irəli sürmüşdür. Məcəllə, ilk növbədə, terrorçulardan müsahibə almağa, habelə onlara hüsn-rəğbət və xoş münasibət doğuran materialların yayılmasına qadağanı nəzərdə tutmalıdır. Bu qaydalar külliyyatı, hazırlanmasına Baş Məclisin iclasının həsr edildiyi qlobal antiterror strategiyanın bir hissəsi olmalıdır. Bundan əvvəl BMT baş katibi Kofi Annanın 32 səhifəlik hesabatı yayılmışdır. Hesabatda indiyədək ictimaiyyətdən gizli saxlanılan bəzi təkliflər açıqlanmışdır.
Hesabatda əsas diqqət kütləvi qətlləri və əzabkeşliyi mədh edən ifrat millətçi və əcnəbilərə nifrət məzmunlu informasiya axınının qarşısını almaq üçün KİV-lərin səmərəli vasitəyə çevrilə bilməsinə yönəldilmişdir.
Hesabatdakı təklifləri təkcə jurnalistlər deyil, Baş Məclisin nümayəndələri də birmənalı qarşılamamışlar. Onlar BMT kimi qurumun mətbuatın davranışına nəzarətini düzgün saymamışlar. Bəzi ölkələrin nümayəndələri də bu məsələdə oxşar mövqe tutmuşlar. Brüsseldə yerləşən Müstəqil Jurnalistlər Federasiyası da BMT Baş katibinin ünvanına etiraz məktubu göndərmişdir.