DÜNYA
BMT: Uşaqlar üçün humanitar yardıma maneçilik halları artır
Bakı, 4 aprel, AZƏRTAC
BMT uşaqlar üçün humanitar yardıma maneçilik hallarının qlobal artımı ilə bağlı həyəcan təbili çalır və bunun ən həssas qruplar üçün çox ağır nəticələri barədə xəbərdarlıq edir.
AZƏRTAC xəbər verir ki, BMT Baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi Virciniya Qamba bu barədə Təhlükəsizlik Şurasının brifinqində deyib.
Virciniya Qamba həssas qruplar üçün humanitar yardımların qarşısının alınması hallarının aradan qaldırılması ilə bağlı bir sıra məsələlərə toxunub. O, Fələstin, Yəmən, Əfqanıstan və Malidə girişə icazənin olmaması, məhdudlaşdırıcı qanunların, inzibati fərmanların və qərarların qəbulu səbəbindən qlobal miqyasda mənfi tendensiyanın mövcudluğunu vurğulayaraq humanitar səylərə nəzarətin artırılmasının vacibliyini söyləyib.
Xüsusi nümayəndə, həmçinin ehtiyacı olan uşaqlara humanitar yardımın asanlaşdırılması üçün Cenevrə Konvensiyaları və Uşaq Hüquqları Konvensiyasından irəli gələn öhdəlikləri diqqətə çatdıraraq, müharibələrin bütün tərəflərini təhlükəsiz, vaxtında və maneəsiz humanitar yardımın əldə edilməsinə icazə verməyə çağırıb.
Virciniya Qamba bu pozuntunun monitorinqinin və hesabatının təkmilləşdirilməsi tələbinə cavab olaraq BMT-nin Uşaq Fondu, Sülh Əməliyyatları Departamenti və digər aidiyyəti agentliklərlə əməkdaşlıq çərçivəsində müvafiq təlimat hazırlandığını bildirib.