BMU-İNHA ikili diplom proqramı çərçivəsində tədris prosesinin növbəti monitorinqi aparılır
Bakı, 22 oktyabr, AZƏRTAC
Koreya Respublikası İNHA Universitetinin 8 nəfərdən ibarət professor-müəllim heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub. Nümayəndə heyətinin Azərbaycana səfəri BMU-İNHA ikili diplom proqramı (İDP) çərçivəsində tədris prosesinin növbəti monitorinqi və əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədini daşıyır.
Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib.
İNHA-nın nümayəndə heyəti ilə görüşən BMU-nun rektoru Yaqub Piriyev iki universitet arasında əməkdaşlığın artıq təhsil sahəsində beynəlxalq uğurlu model kimi tanındığını qeyd edib. Bildirib ki, İDP tələbələrin dünya səviyyəsində bilik və bacarıqlara yiyələnməsinə geniş imkanlar açır, onların karyera perspektivlərini artırır. Rektor Yaqub Piriyev Prezident İlham Əliyevin Sərəncamı ilə proqramın 2030-cu ilədək uzadılmasının bu tərəfdaşlığa verilən yüksək dəyərin göstəricisi olduğunu vurğulayıb. Eyni zamanda, İDP çərçivəsində tədris edilən ixtisaslara yüksəkballı abituriyentlərin qəbul olunmasını proqramın nüfuzunun daha bir nümunəsi adlandırıb. Yaqub Piriyev İDP məzunlarının uğurlarından da danışaraq, onların bir qisminin hazırda İNHA Universitetində magistratura təhsili aldığını bildirib və monitorinqi aparacaq heyətə uğurlar arzulayıb.
İNHA Qlobal Strategiya və Təşəbbüslər Ofisinin icraçı direktoru professor Tae-Joon Jeon BMU ilə əməkdaşlığın uğurlu nəticələrindən məmnunluğunu dilə gətirib. O, iki universitet arasında akademik və elmi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini söyləyib, proqramın beynəlxalq standartlara uyğun şəkildə icrasını yüksək qiymətləndirib. Koreyalı professor tələbə və müəllimlərlə aparılacaq müsahibələrin müsbət rəylərlə müşahidə olunacağına, monitorinqlərin nəticələrinin tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılmasına töhfə verəcəyinə inandığını bildirib.
Görüşdən sonra əməkdaşlığın yeni istiqamətləri və oktyabrın 24-dək davam edəcək monitorinqlə bağlı fikir mübadiləsi aparılıb.