“Bölgə yazarlarının yaradıcılığında Heydər Əliyev obrazı” - ədəbi-mədəni tədbir
Bakı, 27 iyul, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Şəki bölməsinin birgə təşkilatçılığı ilə Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Bölgə yazarlarının yaradıcılığında Heydər Əliyev obrazı” mövzusunda ədəbi-mədəni tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsi ziyarət edib, önünə tər güllər qoyulub.
Şəki Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini Fərhad Əzizov çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı 2023-cü ilin respublikamızda “Heydər Əliyev İli” elan olunduğunu və bununla əlaqədar ölkəmizdə və xaricdə Ulu Öndərin xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini bildirib. O, bugünkü mərasimin silsilə tədbirlərin tərkib hissəsi olduğunu qeyd edərək, dahi Liderin ölkəmizin inkişafı istiqamətində misilsiz xidmətlərindən danışıb.
AYB-nin Şəki bölməsinin sədri, görkəmli şair, yazıçı, dramaturq Vaqif Aslan “Heydər Əliyev şəxsiyyətinə baxış” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi Ulu Öndərin qeyri-adi zəkası, fitri istedadı, müdrikliyi ilə müasir dünya tarixində parlaq izlər qoyduğunu vurğulayıb. O, bu gün də dünya siyasətçilərinin Ümummilli Liderin dövlətçilik təcrübəsindən faydalandıqlarını mühüm faktlarla diqqətə çatdırıb.
Şəki Regional Elmi Mərkəzin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi dosent Kamil Adışirinov “Heydər Əliyev və İlham Əliyevin mədəniyyət və ədəbiyyat siyasətində Şəki” mövzusunda məruzə ilə çıxış edib. O, Ümummilli Liderin Azərbaycanda bütün sahələrin inkişafında olduğu kimi, mədəniyyət və ədəbiyyat sahələrinin çiçəklənməsində, o cümlədən Şəkidə mətbuatın, teatrın, ədəbiyyatın formalaşmasında və inkişafında müstəsna rolu olduğunu vurğulayıb.
Bölgə yazarlarının Balakən nümayəndəsi, “Çeşmə” Ədəbi Birliyinin sədri Nəsihət Vahidova “Heydər Əliyevin yazarlara münasibəti” adlı məruzəsində dahi Liderin incəsənətə, ədəbiyyata və ədəbiyyat adamlarına diqqət və qayğısından danışıb. O, Ulu Öndərin xatirəsinə həsr etdiyi şeiri səsləndirib.
Şəki Regional Elmi Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinov “Çağdaş şeirimizdə Heydər Əliyev obrazı” mövzusunda məruzə ilə çıxış edərək Heydər Əliyevin çağdaş Azərbaycan poeziyasında, nəsrində və dramaturgiyasında təsvir edilən bədii portretini nümunələr və detallar əsasında nəzərə çatdırıb.
Tədbirdə bölgə yazarları Solmaz Elqızı “Hər zaman səninlə vurar ürəyim”, Yusif Rzayev “Siyasi loğmandır Heydər Əliyev”, Adilə Aslanova “Şuşa”, Güldanə Ramazanova “Nə yaxşı ki, bizim Heydərimiz var”, gənc yazar Elvin Nuri “Azərbaycan memarı”, “Ey xalqın sərkərdəsi”, Reyhan Miqdadqızı “Baxın mənəm, mən Vətənəm” adlı şeirlərini səsləndiriblər. Həmçinin Akif Salamoğlu Heydər Əliyevə həsr etdiyi “Bəraət” pyesinin yaranma tarixçəsindən, Elsevər İsmayılov və Musa Həşimov isə Ümummilli Lider Heydər Əliyevin xalqa, dövlətə olan sonsuz sevgisindən bəhs ediblər.
Sonda Ulu Öndərin çoxşaxəli fəaliyyətini əks etdirən videoçarx göstərilib.