REGİONLAR
Bölgələrdə keçirilən tibbi müayinələr insanlara keyfiyyətli tibbi yardım almaq baxımından böyük fürsət yaradır
Lənkəran, 30 noyabr, AZƏRTAC
Bakıdan 20-yə yaxın həkimin Lənkərana səfəri insanların sağlamlığına xidmət edən mühüm təşəbbüsdür. Bu mütəxəssislər ADA Universiteti, ADA Universiteti Fondu (ADAF), "Referans Medical Group" və “PAŞA Bank”ın birgə təşkilatçılığı, TƏBİB-in dəstəyi ilə bölgədə yerli sakinlərə tibbi xidmətlər göstərirlər. Xüsusilə tibbi yardıma ehtiyacı olan şəxslər üçün müxtəlif müayinələr və əməliyyatlar həyata keçirilir.
Bu sözləri Lənkəran Rayon Mərkəzi Xəstəxanasında keçirilən ödənişsiz tibbi müayinələrlə əlaqədar AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib.
O vurğulayıb ki, belə təşəbbüs bölgədə yaşayan insanlar üçün keyfiyyətli tibbi yardım almaq baxımından böyük fürsət yaradır. Həkimlərin göstərdiyi xidmətlər həm insanların sağlamlığının qorunmasına, həm də ümumi cəmiyyət rifahının yüksəlməsinə töhfə verir.