Bolnisidə uşaq əməyinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib





Tbilisi, 13 iyun, AZƏRTAC
İyunun 12-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində fəaliyyət göstərən Bolnisi rayonunun “Arıxlı” İcma Mərkəzində 12 İyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, maarifləndirici xarakter daşıyan tədbirdə Gürcüstan Xalq Müdafiəçisi Ofisinin (Ombudsman) Uşaq Departamentinin nümayəndəsi Lika Xvincilia, departamentin Kvemo Kartli üzrə təmsilçisi Murad Hüseynov, Darvaz kənd orta məktəbinin və İcma Mərkəzinin müəllim və şagirdləri İştirak ediblər.
Bolnisi ryununun "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin rəhbəri Rezo Həsənov Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis olunduğunu, Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününün təqvimə daxil edilməsi təşəbbüsünün isə 1997-ci ildə Amsterdamda və Osloda “Uşaq əməyinin ən pis formaları ilə mübarizə” və “Uşaq əməyi ilə mübarizəyə dair” mövzular üzrə keçirilən beynəlxalq konfranslarda irəli sürüldüyüny bildirib.
Lika Xvincilia bildirib ki, BƏT ilk dəfə Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününü 2002-ci ildə qeyd edib. Bildirib ki, təşkilatın hədəfi-diqqətin həmin problemə yönəldilməsi və onun ləğvinə nail olmaqdır.
L.Xvinclia Gürcüstanda Ombudsmanın uşaq siyasəti, uşaq hüquqları və uşaq əməyinə dair qanunvericilik barədə geniş məlumat verib. O, xüsusilə vurğulayıb ki, Gürcüstan Konstitusiyasına əsasən, 16 yaşına çatmayan uşaqların işlədilməsi və əməyə məcbur edilməsi qanunla qadağandır.
Murad Hüseynov şıxışında Gürcüstanda uşaq əməyinin Konstitutiya ilə qorunduğunu nəzərə çatdırıb. O, uşaqların əmək hüquqlarının Uşaq Əmək Məcəlləsi və Əmək Məcəlləsi ilə də qorunduğunu vurğulayıb.
Tədbirdə şagirdlərə Avropa Birliyi Gürcüstan naminə, Gürcüstan Xalq Müdafiəçisi və YUNİSEF–in dəstəyi ilə Azərbaycan dilinə tərcümə edilmiş “Uşaqların hüquqları barədə”, “Uşaqların iqtisadi fəaliyyəti və uşaq əməyi”, “Məktəbdə uşaqların hüquqları”, “Uşağa uyğunlaşdırılmış ədalət nə deməkdir” və “Uşaq məhkəməyə necə müraciət edə bilər” adlı broşürlar hədiyyə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi