BOLQARISTAN ATƏT-Ə SƏDRLİK EDƏCƏYİ DÖVRDƏ ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ NƏZƏRƏÇARPACAQ İRƏLİLƏYİŞLƏRƏ ÇALIŞACAQDIR
Nazir diplomatı bu vəzifəyə təyin olunması münasibətilə təbrik etmiş, Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafı sahəsində ona uğurlar arzulamışdır.
General-polkovnik Səfər Əbiyev demişdir ki, Azərbaycan-Bolqarıstan münasibətlərinin əsası 1995-ci ildə Prezident Heydər Əliyevin Sofiyaya səfəri zamanı qoyulmuşdur. Müdafiə nazirlikləri arasında əlaqələr isə 2002-ci və 2003-cü illərdə hər iki ölkənin nazirlərinin qarşılıqlı səfərləri zamanı başlamış və genişlənmişdir.
Nazir Azərbaycan dövlətinin son illər əldə etdiyi uğurlar barəsində qonağa məlumat vermiş və vurğulamışdır ki, Azərbaycan Qərbə inteqrasiya siyasətini inamla davam etdirir. Lakin Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsi və regionda işğalçılıq siyasəti yeritməsi Cənubi Qafqaz regionunda gərginlik yaradır.
O, Azərbaycanda iqtisadiyyatın inkişaf etdiyini, Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin yaxşı işlədiyini, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin tam reallaşdıqdan sonra dövlət müstəqilliyimizin daha da möhkəmlənəcəyini söyləmişdir.
Müvəqqəti işlər vəkili İvan Palçev səmimi qəbul üçün təşəkkürünü bildirmiş, bolqar və Azərbaycan xalqlarının bir-birinə çox bənzədiyini, əsas problem olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində artıq sözdən işə keçməyin vaxtının çatdığını vurğulamışdır. O demişdir ki, güman edirəm, Bolqarıstan ATƏT-ə sədrlik edəcəyi dövrdə bu məsələnin həllində nəzərəçarpacaq irəliləyişlərin əldə olunmasına çalışacaqdır.
Dövlətlərimiz arasında 10 illik diplomatik əlaqələrimiz dövründə 14 müqavilənin imzalandığını diqqətə çatdıran diplomat demişdir ki, Bolqarıstan bu il İstanbul Sammitində NATO-ya daxil olacaqdır. Müdafiə nazirliklərimiz arasında daha səmərəli əməkdaşlıq yaranmışdır. Prezident İlham Əliyev məni qəbul edərkən, bu əlaqələrlə çox yaxından maraqlandı.
General-polkovnik Səfər Əbiyev ordu quruculuğunda hər iki dövlətin mürəkkəb yol keçdiyini, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsinin digər problemləri daha da mürəkkəbləşdirdiyini nəzərə çarpdıraraq demişdir ki, beynəlxalq ictimaiyyətin problemə ikili standartla yanaşması və Azərbaycana ədalətsiz münasibəti Ermənistanı BMT-nin qəbul etdiyi 4 qətnamənin tələblərini yerinə yetirməməyə sövq edir. Bu vəziyyət Azərbaycanı münaqişənin aradan qaldırılmasında hərbi yola əl atmağa məcbur edə bilər. Güman edirəm ki, Bolqarıstan bu münaqişənin ədalətli həllində öz payını verəcəkdir.
Sonda səfir İvan Palçev ölkəsinin müdafiə naziri Nikolay Svinarovun Azərbaycanın müdafiə nazirinin Bolqarıstana rəsmi səfərə dəvət etməsi məktubunu general-polkovnik Səfər Əbiyevə təqdim etmişdir.