Bolqarıstan portalı Ermənistan-Azərbaycan münaqişəsinə dair məqalə yayıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Bolqarıstanın nüfuzlu “BlackSea Caspia” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Ermənistan-Azərbaycan münaqişəsi kontekstində bərpaedici ədalət” sərlövhəli məqaləsi dərc olunub.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ingilis və bolqar dillərində yayılan məqalədə Ermənistan-Azərbaycan münaqişəsinə, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktına diqqət çəkilir. Eyni zamanda, beynəlxalq münasibətlər sisteminin “bərpaedici ədalət” konsepsiyası Ermənistan-Azərbaycan münaqişəsinə tətbiq edilərək bu kontekstdə münaqişənin həlli yolları nəzərdən keçirilir. Belə ki, “bərpaedici ədalət” konsepsiyasına görə, münaqişənin ədalətli həlli üçün problemin yaranmasında səbəbkar olan dövlət öz hərəkətlərinin nəticələrinin aradan qaldırılması istiqamətində məqsədyönlü addımlar atmalı və yekunda zərərçəkən tərəf qarşısında üzr istəməlidir. “Bu addım isə öz növbəsində zərərçəkən tərəfindən sülh və qarşılıqlı əməkdaşlığın təşviqi istiqamətində cavab addımlarının atılması, yekunda münaqişə aparan tərəflər arasında dialoq və sülhün bərpası ilə nəticələnə bilər”, - deyə müəllif qeyd edir.
Bu kontekstdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində “bərpaedici ədalət” konsepsiyasının əhəmiyyətinin vurğulandığı məqalədə qeyd olunur ki, bu konsepsiya problemin həllində Ermənistan siyasətinin əsas elementi olmalıdır. “Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə nəticələnən bütün hüquq pozuntularını qəbul etməsi, münaqişənin ədalətli və sülh yolu ilə həll istiqamətində həqiqətən işləmək istəyi “bərpaedici ədalət” üçün əsas rolu oynaya bilər. Ermənistanın “bərpaedici ədalət” kontekstində atacağı ilkin addımlar Azərbaycanın müvafiq qarşılıq verməsi və bu dövlətlə kommunikasiyaların bərpası, eləcə də etimad quruculuğu tədbirlərinin, qarşılıqlı faydalı əməkdaşlığın qurulması ilə nəticələnə bilər”, - deyə E.Cəfərova bildirir.
Diqqətə çatdırılır ki, Azərbaycan torpaqlarının işğalının davam etdirilməsi faktı “bərpaedici ədalət” üçün perspektivləri təhlükə altına alır. Müəllif, həmçinin vurğulayır: “Bu baxımdan Ermənistan ədalətli və uzunmüddətli sülhün əldə olunması üçün Azərbaycanla konstruktiv danışıqlara daxil olmalıdır. Bu, həm də regional sabitlik və əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edər”.