Bolqarıstandakı həmvətənlərimiz bu ölkədəki erməni icmasının yaydığı qərəzli məlumatlara cavab veriblər
Bakı, 18 noyabr, AZƏRTAC
VIII Qlobal Bakı Forumunda iştirakı çərçivəsində Bolqarıstanın sabiq Prezidenti Rosen Plevnelievin Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini təkbaşına icra etdiyi, öz ərazilərini 30 illik işğaldan sonra azad etməyə müvəffəq olduğunu və tarixi ədaləti bərpa etdiyini, Qarabağ regionunda işğal dövründə bütün mədəni və dini abidələrin dağıdıldığını, hazırda isə orada yenidənqurma və bərpa işlərinin aparıldığını, eləcə də regionda əməkdaşlıq üçün yeni imkanların açıldığına dair Azərbaycan mətbuatına verdiyi müsahibələrlə əlaqədar Bolqarıstanın erməni icması olduqca kəskin və nifaq dolu bəyanatla çıxış edərək, onun ictimai qınanması və pislənilməsi məqsədilə hazırkı Prezident Rumen Radevə və ölkə ictimaiyyətinə müraciət edib.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, buna cavab olaraq bu ölkədə yaşayan həmvətənlərimiz cavab bəyanatı ilə çıxış edərək yerli erməni icmasının nifrət və təhrifdən ibarət bəyanatının həm millətlərarası düşmənçiliyin alovlandırılmasına xidmət etdiyini və elementar etik prinsiplərindən uzaq olduğunu bildirib, Azərbaycan ərazilərinin Ermənistanın təcavüzü nəticəsində 30 il işğal altında qalması, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin bu müddət ərzində icra edilməməsi, yüz minlərlə azərbaycanlının Ermənistan tərəfindən tətbiq olunmuş etnik təmizləməyə məruz qalması faktlarını vurğulayıblar. Qeyd olunub ki, yerli erməni icması keçmiş münaqişəni dini qarşıdurma kimi təqdim etmək istəyir, lakin onun əsasını Ermənistanın haqsız ərazi iddiaları və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini ilhaq etmək niyyəti təşkil edir. Vurğulanıb ki, Azərbaycan multikultural dəyərlərə xüsusi önəm verən dövlətdir və ölkə ərazisində çoxsaylı xristian icmasının, o cümlədən bolqar icmasının nümayəndələri sülh, qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycan və erməni xalqları arasında yaxınlaşmanın və barışığın əldə edilməsi üçün erməni cəmiyyətində müdriklik və uzaqgörənlik, həmçinin mehriban qonşuluq təfəkkürü üstünlük təşkil etməlidir.
Bolqarıstanın Azərbaycan icmasının bəyanatı yerli mətbuatda geniş yayılıb.