Bonn İqlim Sammitində bütün iştirakçılar yekun sessiyanı gözləyir - danışıqlar davam edir
Bonn, 25 iyun, Pərvanə Qafarova, AZƏRTAC
Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Köməkçi Orqanlarının 62-ci Sessiyası (SB62) gərgin keçən danışıqlar prosesi ilə davam edir.
AZƏRTAC xəbər verir ki, SB 62-nin sonuna doğru irəliləyən yolda hər kəs sabah baş tutacaq bağlanış sessiyasını səbirsizliklə gözləyir. Çünki iqlim danışıqları sahəsində ən mühüm qərarların qəbul olunması üçün artıq 11 gündür ki, intensiv şəkildə müzakirələr və görüşlər keçirilir. Adaptasiya məsələləri üzrə aparılan müzakirələrdə əsas diqqət Paris Sazişinin Tərəflər Toplantısı üçün Belem şəhərində qəbul olunacaq qərarın ilkin quruluşunun hazırlanmasına yönəlib. G-77 və Çin qrupu bu istiqamətdə "ilkin baxış" tipli struktur təklif edib və üzv dövlətlər bunun üzərində razılaşıblar. Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyi (CARICOM) yeni maliyyə məqsədinin - Qlazqo öhdəliyindən sonrakı mərhələnin- irəli çəkilməsini və bu prosesin necə ölçüləcəyinə dair mexanizmlərin yaradılmasını vurğulayıblar. Lakin Avropa İttifaqı və digər inkişaf etmiş ölkələr bu yanaşmanı dəstəkləməyib. Danışıqlar masasında yaranan bu fikir ayrılıqları yenə də bunu deməyə əsas verir ki, bağlanış sessiyası da uzanaraq tədbirin yekunlaşmasını gecikdirə bilər. Xatırladaq ki, Bonn İqlim Sammitinin açılış mərasimində də razılıqlar əldə olunmadığı üçün, tədbir ertələndi. Eləcə də Azərbaycan Sədrliyinin mükəmməl şəkildə danışıqları aparması hesabına həftənin gündəliyi məlum oldu.
Bundan əlavə, Braziliyanın təqdim etdiyi rəqəmsal platforma təklifi müzakirə olundu. Bu platforma mövcud məlumat bazalarını birləşdirərək ölkələrə layihələr üçün uyğun maliyyə mənbələri və tərəfdaşlar tapmaqda köməklik göstərə bilər. Misir bu platformanın əvvəlcə azaltma tədbirlərini əhatə etməsini, sonradan isə digər sahələrə genişlənməsini təklif etdi. Kiçik Ada Dövlətləri Alyansı (AOSIS) və Latın Amerikası və Karib Hövzəsi Müstəqil Assosiasiyası (AILAC) isə platforma ilə bağlı müzakirələrin əsas məqsədi - ambisiyaların artırılması məsələsini kölgədə qoymaması lazım olduğunu bildirdi.
Adaptasiya Fondu ilə bağlı danışıqlarda Dünya Bankının vəsaitlərin idarəsindəki rolu, İdarə Heyətinin tərkibi və gələcəkdə bu Fondun hansı orqan tərəfindən idarə olunacağı məsələləri diqqət mərkəzində olub. Burada da yekun razılıq əldə olunmasa da, lakin müxtəlif variantlar qeydə alınıb və Belem görüşünə qədər müzakirələr davam edəcək.
Ədalətli Keçid üzrə Proqramın layihə sənədində müxtəlif qruplar – qadınlar, gənclər, yerli xalqlar və işçilər öz narahatlıqlarını bildirdilər. Bəzi nümayəndələr “ədalətli keçid”də işçilərin zərər çəkməsinin paradoksal olduğunu qeyd etdilər: “Əgər keçid zamanı işçi zərər görürsə, bu artıq ədalətli keçid deyil”, - deyə müxtəlif nümayəndə heyətləri bildiriblər.
Qeyd edək ki, Bonn danışıqları bir daha göstərdi ki, iqlim məsələləri yalnız texniki deyil, eyni zamanda siyasi, sosial və iqtisadi həssaslıqları da əhatə edir. İndi əsas ümid, bütün bu mürəkkəb müzakirələrin Belemdə COP30 zamanı konkret nəticələrə çevrilməsidir.