“BOŞ MƏKANIN DOLĞUNLUĞU” TEATR FESTİVALININ AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Xarici ölkələrin Azərbaycandakı səfirlikləri nümayəndələrinin, teatr xadimlərinin gənc teatrşünasların iştirakı ilə keçirilən mərasimi İttifaqın sədri Azərpaşa Nemətov açaraq, festivalın məqsədindən və qarşıda duran vəzifələrdən danışmışdır. O bildirmişdir ki, TXİ bir neçə ildir ki, ölkə teatrlarını inkişaf etdirmək, onların dünya teatrlarına inteqrasiyasını sürətləndirmək məqsədi ilə ardıcıl tədbirlər həyata keçirir. “Boş məkanın dolğunluğu” bu istiqamətdə reallaşdırılan 12-ci festivaldır.
Natiq demişdir ki, növbəti festivaldan başlıca məqsəd Azərbaycanın teatr məkanında baş verən prosesləri fəallaşdırmaq, gənc sənətçiləri yaradıcılıq axtarışlarına həvəsləndirmək və Avropa teatr məkanına qoşulmaq meyillərini istiqamətləndirməkdir.
Festivalın təşkilat komitəsinin sədri Rafiq Əliyev, rejissor Vaqif İbrahimoğlu və başqaları tədbirin keçirilməsi qaydaları, onun təşkili məsələləri barədə məlumat vermişlər. Vurğulanmışdır ki, dekabrın 21-dək davam edəcək festival günlərində elmi-praktik konfranslar, “Dəyirmi masa”lar da keçiriləcəkdir. Festivalın münsiflər heyətinin tərkibinə Rusiyanın, Yunanıstanın, Türkiyənin, Fransanın ölkəmizdəki səfirliklərinin nümayəndələri də daxil edilmişdir.
Binasını festivalın keçirilməsi üçün verdiyinə görə “İbrus” teatrı rəhbərliyinin ünvanına minnətdarlıq ifadə olunmuşdur.