Botanika İnstitutunda Müstəqillik Günü qeyd olunub
Bakı, 27 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən institutun baş direktoru professor Səyyarə İbadullayeva Müstəqillik Gününün tariximizin ən mühüm hadisələrindən biri olduğunu söyləyib. Şərqdə yaranmış ilk demokratik respublikanın mövcud olduğu 23 ay ərzində əldə edilmiş nailiyyətlərdən danışıb. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ana dilimizin dövlət dili kimi təsis olunması və dövlət rəmzlərimizlə bağlı mühüm tarixi qərarların imzalanması və dövlət quruculuğu istiqamətində digər mühüm addımların atılması kimi tədbirləri diqqətə çatdırıb. Professor, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin 30 il əvvəl bərpa edilməsini xalqımızın tarixində böyük hadisə kimi qiymətləndirərək, müstəqilliyimizin qorunub saxlanmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
Çıxış edənlər Azərbaycan xalqının milli müstəqilliyini qazanmasının tarixi əhəmiyyətindən söz açıblar.
Tədbirdə Müstəqillik Gününə həsr olunan videoçarx və institutun Qadınlar Şurasının təşkilatçılığı ilə bitki materiallarından hazırlanan əl işlərindən ibarət sərgi nümayiş etdirilib.