BÖYÜK BRİTANİYANIN BAŞ NAZİRİ TONİ BLEYER AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ MƏKTUB GÖNDƏRMİŞDİR
Cənab Toni Bleyer bildirir ki, o, həm NQSŞT Milli Komissiyasının Bakıdakı şirkət və ictimai təşkilatlarla görüşləri haqqında məlumatlardan, həm də bu ilin aprel ayında Londonda keçirilmiş təqdimatdan çox məmnun qalmışdır. Böyük Britaniya hökumətinin başçısı bütün bunları NQSŞT prosesində çox önəmli addımlar kimi qiymətləndirir.
Məktubda daha sonra qeyd edilir ki, Azərbaycan hökumətinin şəffaflığın artırılmasına sadiqliyi beynəlxalq maliyyə təsisatlarına, potensial sərmayəçilərə və bu təşəbbüsdə maraqlı olan digər ölkələrə mühüm bir siqnal olacaqdır. Bu, ümumi sərmayə mühitinə müsbət təsir göstərəcək və Azərbaycanın neft sərvətlərinin öz xalqının və bütün regionun rifahı naminə iqtisadi və sosial inkişafa yönəldilməsində xüsusi rol oynayacaqdır.
Azərbaycan Prezidentinin müasir, demokratik cəmiyyət quruculuğuna sadiqliyinin çox təqdirəlayiq olduğunu vurğulayan Baş nazir Britaniya hökumətinin və NQSŞT sahəsində xarici həmkarların Azərbaycanı dəstəklədiyini bir daha nəzərə çarpdırır.