Bratislavada Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş klassik musiqi axşamı
Bratislava, 26 fevral, AZƏRTAC
Fevralın 25-də Slovakiyanın paytaxtı Bratislava şəhərindəki Slovak Dövlət Filarmoniyasında Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş klassik musiqi axşamı keçirilib.
Konsertdən əvvəl çıxış edən Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov qonaqlara bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı barədə məlumat verib. Səfir Slovakiyanın ən möhtəşəm konsert salonunda gerçəkləşən bu tədbirin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə ölkəmizin Bratislavadakı konsulluğuna və Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. Məlumat verilib ki, yeni təsis olunmuş „Xəzər virtuozları“ kamera orkestri faciə qurbanlarının xatirəsinə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət xüsusi proqram həsr edib.
konsertdə Vyana Konservatoriyasının tələbəsi Mustafa Mehmandarovun bədii rəhbərliyi və dirijorluğu ilə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Arif Məlikov, Asəf Zeynallı və Aqşin Əlizadənin əsərləri ifa olunub. Azərbaycanın Əməkdar Artisti, Prezident təqaüdçüsü Afaq Abbasova (vokal), Anar İbrahimov (skripka), Emil Bağırov (klarnet) və Müşfiq Quliyevin (fortepiano) ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, gənc azərbaycanlı musiqiçi Mustafa Mehmandarovun təşəbbüsü və rəhbərliyi ilə Vyanada yaradılan „Xəzər virtuozları“ kamera orkestrində Avropanın müxtəlif ölkələrində təhsil alan və çalışan istedadlı həmvətənlərimiz toplaşıblar. Orkestrin məqsədi Avropanın müxtəlif ölkələrində klassik Azərbaycan musiqisini yüksək səviyyədə tanıtmaqdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava