Braziliya denge qızdırması əleyhinə peyvəndləməyə başlayır
Bakı, 21 fevral, AZƏRTAC
Braziliyada cari ilin əvvəlindən denge qızdırmasına 500 mindən artıq yoluxma və bu xəstəlikdən 90 ölüm halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, xəstəliyin yayılması ölkə ərazisinin böyük hissəsində səhiyyə orqanlarını ehtiyatlı olmağa məcbur edib. Təkcə yanvar ayında bu Latın Amerikası ölkəsində 462750 yoluxma halı qeydə alınıb. Bu isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 400 faiz çoxdur.
Xəstəlik ölkənin hər yerində yayılıb, 27 ştatdan dördündə və 40-dan çox şəhərdə, o cümlədən paytaxt Braziliyada fövqəladə vəziyyət elan olunub. Şəhərlər arasında ən çox yoluxma Rio-de-Janeyrodadır.
Hökumət epidemiya ilə bağlı pulsuz peyvənd kampaniyasına başlamağa qərar verib.
Braziliya Yaponiyanın “Takeda” laboratoriyasının istehsalı olan “Qdenga” immunizatorundan 6 milyon doza alıb. Lakin vaksin çatışmazlığı ucbatından hökumət yalnız 10-14 yaş arası 3 milyona yaxın uşağı peyvəndləməyi planlaşdırır. Bununla yanaşı, Braziliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, denge qızdırmasına yoluxma hallarının böyük hissəsi 20-24 yaşlı əhali arasındadır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən həftə xəbərdarlıq edib ki, dünya əhalisinin yarısı denge qızdırmasına yoluxma riskinə məruz qalıb.
“Son iki onillik ərzində denge qızdırmasına yoluxma təhlükəli şəkildə artıb və bu da qlobal ictimai səhiyyə üçün çox mühüm problemdir”, - deyə ÜST-nin unudulmuş tropik xəstəliklərlə mübarizə departamentinin mütəxəssisi Raman Velayudxan xəbərdarlıq edib.
2023-cü ildə Avropada 72 yoluxma qeydə alınıb, bu isə ötən illərdəki göstəriciləri xeyli üstələyir.
Braziliya və Peruda son epidemiyaların səbəb olduğu dengedən Avropada yoluxma və ölüm halları ÜST üçün daha ciddi problemin görünən hissəsidir. Buna görə də onlar tələb edilər ki, dünyanın siyasi liderləri alyanslar yaratsınlar və bu qlobal çağırışa dair tədbirlər görsünlər.