BRAZİLİYA FUTBOLÇULARI HAİTİLİLƏRİ TƏRK-SİLAH EDƏCƏKLƏR
Braziliyalılar bu işə çox ciddi yanaşırlar: ölkə prezidenti Luiş İqnasio da Silva stadionda olacaq, Haitinin milli yığma komandası ilə oyunda məşhur futbolçular, məsələn, Ronaldo və Ronaldinyo iştirak edəcəklər.
Məlum olduğu kimi, fevral üsyanından sonra Haitidə ümumi siyasi vəziyyət çox pisləşmişdir və bu görüş ölkədə sülhün bərqərar olmasına kömək etməlidir. Bu təşəbbüsü də məhz Haiti tərəfi irəli sürmüşdür.
Haitinin müvəqqəti baş naziri Jerar Lyatortyu bildirmişdir ki, bir neçə braziliyalı futbolçu düşmənçilik edən tərəflərin tərk-silah olunmasına yaxşı təlim keçmiş minlərlə əsgərdən daha yaxşı kömək edə bilər. Bu sözlərdə həqiqət var: regionun bu ən yoxsul ölkəsində futbolu çox sevirlər, beş dəfə dünya çempionları isə burada hədsiz dərəcədə məşhurdurlar.
Maraqlıdır ki, Haitidəki gərgin vəziyyət, hətta FİFA-nın burada rəsmi matçlar keçirməyə qoyduğu qadağa belə braziliyalıları, azacıq da olsa, çəkindirməmişdir.