CƏMİYYƏT
Braziliya nümayəndəsi: Azərbaycanın təşəbbüsləri davamlılıq və dayanıqlı inkişaf sahəsində faydalı təcrübələr təqdim edir
Bakı, 11 noyabr, AZƏRTAC
Braziliya gənclərin və yerli cəmiyyətlərin iqlim dəyişikliyi ilə mübarizədə rolunu gücləndirmək məqsədilə təşəbbüslər həyata keçirir. Həmçinin Azərbaycanın tətbiq etdiyi təşəbbüslər də digər ölkələrə davamlılıq və dayanıqlı inkişaf sahəsində faydalı təcrübələr təqdim edir. Bu kimi təcrübələr digər ölkələrə örnəkdir və ətraf mühitin qorunması sahəsində mühüm addımların atılmasında rol oynayır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizə gələn Braziliyanın Turizm Nazirliyinin İnfrastruktur, kredit və investisiya üzrə milli katibi Carlos Henrique Menezes Sobral söyləyib.
Onun sözlərinə görə, COP29 kimi mühüm tədbirlərdə verilən açıqlamalar, qərarlar gənclərin və cəmiyyətlərin iqlim dəyişikliklərinə qarşı mübarizədə daha fəal olmasının vacibliyini vurğulayır: “Braziliyada iqlimə dair dayanıqlı fəaliyyət proqramlarına xüsusi diqqət yetirilir. Bu proqramların davamlı şəkildə həyata keçirilməsi ətraf mühitin qorunması məqsədini daşıyır”.
Qeyd edək ki, noyabrın 11-22-də Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq. Əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. Bununla yanaşı, təşəbbüslərdən biri kimi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulur.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Xatırladaq ki, Azərbaycan baza ili (1990-cı il) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.