Britaniyada Xocalı soyqırımı ilə əlaqədar plakat kampaniyası başlamışdır
London, 26 fevral (AZƏRTAC). Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə İngiltərə və Uelsdə milli dəmir yolu stansiyalarında Xocalı soyqırımı ilə əlaqədar plakat kampaniyası başlanmışdır
AZƏRTAC xəbər verir ki, kampaniya 875 min qaçqın və məcburi köçkünün ermənilər tərəfindən yurd-yuvalarından qovulmasını vurğulayır. 26 Fevral 1992-ci ildə Sovet ordusunun 366-cı motatıcı alayı ilə gücləndirilmiş erməni silahlı qüvvələri tərəfindən Xocalıda 613 nəfər vəhşicəsinə qətlə yetirilmişdir. Sovet İttifaqının dağılması ərəfəsindəki qarışıqlıqdan istifadə edən bədnam ermənilər Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal etmişlər.
Kampaniya soyqırımında sağ qalan Mahirə və 10 yaşlı Nazimin ömür boyu qaçqın və məcburi köçkün statusunda yaşamasını nümunə göstərərək faciənin reallıqlarını insanların diqqətinə çatdırır.
Kampaniyada istifadə edilən şəkillər məşhur fotoqraf Filip Ratmer tərəfindən çəkilmişdir.
Plakatlar Britaniya ictimaiyyətini Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar parlamentin saytında yerləşdirilən petitisiyanı imzalamağa çağırır.
Kampaniyaya qoşulmaq istəyənlər aşağıdakı linkdən yerləşdirilən petitisiyanı imzalaya bilərlər.
http://submissions.epetitions.direct.gov.uk/petitions/45878
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London