BRÜSSELDƏ “DƏDƏ QORQUD” ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİ
Prezident İlham Əliyevi burada DGT-nin baş katibi Mişel Dane hörmət və ehtiramla qarşıladı. Azərbaycan diasporunun nümayəndələri, Belçika Azərbaycan Evinin təmsilçiləri dövlətimizin başçısını hərarətlə salamladılar, ona gül dəstəsi təqdim etdilər.
Həmin gün burada “Dədə Qorqud” abidəsinin təntənəli açılış mərasimi oldu. Mərasimdə DGT-nin baş katibi Mişel Dane, görkəmli qazax ədibi, Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi Oljas Süleymenov, Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdilər.
(Açılış mərasimi barədə hesabat qəzetin növbəti nömrələrində dərc olunacaqdır).
X X X
Prezident İlham Əliyev mərasimdən sonra Dünya Gömrük Təşkilatının iqamətgahı ilə tanış oldu.
Binanın foyesində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi tərəfindən DGT-yə hədiyyə olunmuş nəfis xalça nümayiş etdirilir. Xalçanın üzərində DGT-nin üzvü olan ölkələrin dövlət bayraqları və Yer kürəsinin təsviri toxunmuşdur. Cənab Mişel Dane dedi ki, bu xalça bizim ən gözəl hədiyyələrimizdəndir və Dünya Gömrük Təşkilatına gələn qonaqlarda böyük maraq doğurur.
Sonra DGT-nin iqamətgahında Dünya Gömrük Təşkilatı ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında niyyət protokolunun imzalanma mərasimi oldu.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edirdi.
Sənədi Dünya Gömrük Təşkilatının baş katibi Mişel Dane və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov imzaladılar.
X X X
Mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə onun üçün ayrılmış iqamətgahda – “Conrad” mehmanxanasında “Euronews” telekanalına müsahibə verdi.