Brüsseldə Xocalı qurbanlarının xatirəsi anılıb
Brüssel, 28 fevral, AZƏRTAC
Xalqımızın tarixinin qan yaddaşına əbədi həkk olunan Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə fevralın 27-də Brüsseldəki Holokost Muzeyində anma mərasimi təşkil olunub.
Mərasimdən əvvəl Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, BAK-ın sədri Sahil Qasımov, sədr müavini Elsevər Məmmədov muzeyin rəhbərliyinə 2014-cü il mayın 24-də burada baş vermiş terror aktı zamanı insanların həlak olması ilə əlaqədar başsağlığı veriblər.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BAK-ın sədri Xocalı soyqırımını tanıyan və Azərbaycan xalqının dərdinə şərik olan ölkələrin parlamentlərinə və xalqlarına minnətdarlığını bildirib. Qeyd edib ki, Xocalı faciəsi yalnız hər il fevral ayının 26-da deyil, hər gün yad edilməlidir və beynəlxalq təşkilatların XX əsr tarixinin qaranlıq səhifələrindən biri olan faciəyə siyasi qiymət verilməlidir.
Səfir Fuad İsgəndərov deyib ki, əgər Xocalı soyqırımına dünya ictimaiyyəti göz yummasaydı, bu gün nə Fransada, nə Belçikada, nə də Danimarkada terror hadisələri baş verməzdi.
Yəhudilərlə azərbaycanlıların oxşar talelərindən bəhs edən diplomat azərbaycanlıların dəfələrlə erməni soyqırımına məruz qaldığını vurğulayıb.
Azərbaycan xalqının həmişə sülhsevər olduğunu diqqətə çatdıran səfir xalqımızın heç vaxt terrora terrorla, soyqırımına soyqırımı ilə cavab vermədiyini, bu keyfiyyətlərin özlüyündə xalqımızın böyüklüyünün və müdrikliyinin bariz nümunəsi olduğunu qeyd edib.
Azərbaycan həqiqətlərini Benilüks məkanında yaxından tanıtmaqda BAK-ın fəaliyyətini yüksək qiymətləndirən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev diasporumuzun artıq böyük coğrafi məkanda fəaliyyət göstərdiyini bildirib.
Milli QHT Forumunun rəhbəri Rauf Zeyni və Xocalı hadisələrinin şahidi Cavid Əliyev Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparan ermənilərin faciə zamanı hətta qadınlara, uşaqlara və yaşlılara belə aman verməyərək onları qəddarcasına qətlə yetirmələrindən söhbət açıblar.
BAK idarə heyətinin üzvlərindən Ofelya Babayeva, Musa Pünhan, icra aparatının rəhbəri Sima Cəfərova informasiya müharibəsində artıq Azərbaycan diasporunun ermənilərə qalib gəldiyini, bu fəaliyyətin heç də asanlıqla başa gəlmədiyini, ağır və çətin yol keçdiyini söyləyiblər.
Belə ağır və kədərli anlarda Azərbaycan xalqının dərdinə şərik olduğunu diqqətə çatdıran Avropa Yəhudi İcmasının rəhbəri Levi Matusof təmsil etdiyi xalqın da dəfələrlə soyqırımına və terror aktlarına məruz qaldığını bildirib.
Ölkəmizə səfər etdiyini xatırladan L.Matusof Azərbaycanın bəşəriyyət üçün tolerantlıq nümunəsi olduğunu, etnik qrupların azərbaycanlılarla əsrlər boyu mehriban və dostluq şəraitində yaşadıqlarını, dövlətimizin azsaylı xalqların dini, dili, mədəniyyəti və incəsənətinin inkişafına xüsusi qayğı göstərdiyini vurğulayıb.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel