BSU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Bakı Slavyan Universitetində (BSU) Xocalı faciəsinin iyirminci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
BSU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamal Abdullayev XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı qətliamının başvermə səbəblərindən və acı nəticələrindən danışmışdır. Rektor qeyd etmişdir ki, Xocalıda insanlar milli mənsubiyyətlərinə görə, azərbaycanlı olduqları üçün soyqırımına məruz qalmışlar. Bu qanlı faciənin xalqımız tərəfindən daim yad olunduğunu qeyd edən alim soyqırımı qurbanlarının xatirəsinin həmişə qəlblərdə yaşayacağını söyləmişdir.
K.Abdullayev xüsusi vurğulamışdır ki, yalnız xalqın təkidi və tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmişdir. Məhz ulu öndərin səyi nəticəsində Milli Məclisin 1994-cü il fevralın 24-də keçirilmiş iclasında “Xocalı soyqırımı (genosidi) günü” haqqında qərar qəbul edilmişdir.
Rektor dahi rəhbərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü fəaliyyət nəticəsində işğal olunmuş torpaqlarımızın tezliklə azad olunacağına, Xocalı soyqırımını törədənlərin öz layiqli cəzalarını alacaqlarına əminliyini bildirmişdir.
Universitetin “Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, hüquq elmləri namizədi Sadir Məmmədov Xocalı soyqırımından və həmin dövrdəki siyasi proseslərdən danışmışdır. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə 2009-cu ildə başlayan “Xocalıya ədalət” kampaniyasının beynəlxalq əhəmiyyətini qeyd etmişdir. S.Məmmədov Xocalı qətliamının dünyada tanınması istiqamətində görülən işlərin, qazanılan uğurların Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olduğunu xüsusi vurğulamışdır.
Həmin dövrdə Xocalı milis şöbəsinin rəis müavini vəzifəsində işləmiş mayor Hafiz Ədilov, universitetin magistrantı, Xocalıdan məcburi köçkün Fəridə Hüseynova şəhərin işğalı zamanı şahidi olduqları erməni vəhşiliklərdən, sakinlərin başına gətirilən müsibətlərdən ürək ağrısı ilə danışmışlar. Bildirilmişdir ki, bundan əvvəl də xalqımız dəfələrlə soyqırımına, təcavüzə məruz qalmış, lakin heç zaman əzmini, iradəsini itirməmişdir.
BSU-da təhsil alan türk tələbələri birliyinin sədri Baki Geylani soyqırımı ilə bağlı Türkiyədə Taksim meydanında izdihamlı yürüşün keçiriləcəyini, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirmişdir.
Digər çıxış edənlər də bəşəriyyətə qara ləkə olan faciənin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət olduğunu, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışlar.
Sonda BSU-nun “TOTEM” tələbə teatrı Xocalı faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya göstərmişdir.