DÜNYA
Bu gün İranda Qadınlar Günü qeyd olunur
Tehran, 15 fevral AZƏRTAC.
Fevralın 15-də İranda Qadınlar Günü qeyd olunur. Bu münasibətilə keçirilən tədbirdə Prezident Həsən Ruhani çıxış edib.
AZƏRTAC xəbər verir ki, H.Ruhani qadınların ictimai-siyasi həyata daha çox cəlb edilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
O bəyan edib ki, inqilabdan sonra İranda qadınlar, sözün əsl mənasında, azadlıq əldə ediblər. Bu gün dövlət sektorunda iki milyondan çox insan çalışır ki, onun da 959 mindən çoxu qadınlardır. İranın siyasi həyatında da qadınlara geniş yer verilib. Qarşıdan gələn parlament seçkilərində qadınların iştirakı təmin edilib. Bir çox vilayətlərdə qadınlar xalqı təmsil etmək üçün namizədliklərini irəli sürüblər. Prezident qadınların qalib gələcəklərinə inandığını vurğulayıb və seçki prosesində onları fəal olmağa çağırıb.
Xatırladaq ki, fevralın 15-i Məhəmməd Peyğəmbərin qızı Fatimeyi-Zəhranın anadan olduğu gündür. Bu tarix İranda Qadınlar Günü kimi qeyd olunur.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran