Bu il Göygöldə 635 baş iribuynuzlu heyvan süni yolla mayalandırılıb
Göygöl, 26 iyun, Rauf Hacıyev, AZƏRTAC
Ölkəmizdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, eləcə də heyvandarlığın daha sürətlə inkişaf etdirilməsində, yeni məhsuldar cinslərin yetişdirilməsində, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında və qısırlığın aradan qaldırılmasında süni mayalanmanın çox böyük əhəmiyyəti vardır. Respublikamızda süni mayalanma işinin daha da genişləndirilməsi məqsədilə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında” 2006-cı il 14 fevral tarixli müvafiq qərarı ilə Respublika Süni Mayalanma Mərkəzi yaradılıb.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Respublika Süni Mayalanma Mərkəzi yüksək məhsuldar törədicilərdən toxum alıb, mal-qara arasında süni mayalanma tədbirlərini təşkil etməklə, mal-qaranın cins tərkibinin yaxşılaşdırmasına, heyvanların məhsuldarlığının və damazlıq heyvanların baş sayının artırılmasına xidmət edir.
Qeyd edilib ki, Göygöl rayonu üzrə 2020-ci ilin yanvar-may ayları üzrə 635 baş iribuynuzlu heyvan süni yolla mayalandırılıb və 284 baş buzov doğulub.
“Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Prezident İlham Əliyevin 2015-ci il 19 avqust tarixli müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli müvafiq qərarı ilə “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası” təsdiq edilib. Qaydaya əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə dövlət büdcəsi vəsaiti hesabına 100 manat məbləğində subsidiya ödənilir.
Subsidiyanın verilməsi məqsədilə yanvar-may ayları ərzində Göygöl rayonunda süni mayalanma yolu ilə alınmış 278 baş buzov “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə (EKTİS) qeydiyyata alınıb.