REGİONLAR
Bu il Qaxda meyvə istehsalı artıb
Qax, 20 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun meyvə bağlarında məhsul yığımı başa çatıb. Builki mövsümdə bağlardan 16 min 46 ton məhsul tədarük olunub. Meyvə istehsalı əvvəlki illə müqayisədə 2553 ton artıb. Hər hektar meyvə bağından 13,4 sentner məhsul götürülüb. Məhsuldarlıq hər hektara görə 2,2 sentner artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 12 min 16,2 hektardır. Bu bağların 10 min 186,9 hektarını fındıq bağları təşkil edir. Mövsüm ərzində bağlardan 5442 ton fındıq, 3020,5 ton alma, 1248,7 ton armud, 2182 ton badam, 1159 ton şaftalı, 638,5 ton xurma, 496 ton gavalı, 268,8 ton gilas, 239,8 ton qoz və digər meyvələr tədarük olunub.
İdarədən verilən məlumata görə, hazırda rayonda 152 hektar üzüm bağı var. Cari ildə bağlardan 4250,8 ton üzüm yığılıb.