Bu ilin 11 ayı ərzində 96 yeni dövlət standartı qəbul edilib
Bakı, 28 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 96 yeni dövlət standartı qəbul edilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul edilmiş standartların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 77,8 faiz artıb. Cari ilin ötən dövrü ərzində 687 beynəlxalq, dövlətlərarası və xarici dövlətlərin standartlarının tətbiqinə icazə verilib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfədən çox artıb. Yeni standartların qəbulu ölkədə keyfiyyət infrastrukturunun inkişafına, ticarətin asanlaşdırılmasına, istehlakçıların daha keyfiyyətli, təhlükəsiz məhsul və xidmətlər əldə etməsinə töhfə verir.