Bülövqaya yaşayış yerindəki tapıntılar Ubeyd tayfalarının Naxçıvan ərazisində məskən saldığını təsdiqləyir
Naxçıvan, 11 iyun, AZƏRTAC
Cari il mayın 19-dan AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vəli Baxşəliyevin rəhbərlik etdiyi Bülövqaya arxeoloji ekspedisiyası arxeoloji qazıntılar aparır.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Babək rayonunun Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı Ubeyd mədəniyyətinə aid maddi mədəniyyət nümunələri, o cümlədən boyalı keramika, mədənçilik alətləri, obsisian parçaları aşkar olunub.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, bu maddi mədəniyyət nümunələri, yarımköçəri həyat tərzi keçirən tayfaların şimala, o cümlədən Naxçıvana doğru hərəkəti ilə bağlı olub. Ubeyd tayfalarının şimala doğru hərəkəti Cənubi Qafqazın bol otlaqları, zəngin xammal mənbələri, o cümlədən obsidian və mis yataqları ilə əlaqədardır. Bu tapıntılar Azərbaycanla Şimali Mesopotamiya arasında sıx iqtisadi-mədəni əlaqələrin mövcud olduğunu, Yaxın Şərqə şəhərləşməni gətirən Ubeyd tayfalarının Naxçıvan ərazisində məskən saldığını təsdiqləyir.