Buxarestdəki Klassik Avtomobillər Muzeyi onilliyini qeyd edir
Bakı, 4 dekabr, AZƏRTAC
Buxarestdəki Klassik Avtomobillər Muzeyi açılışının onilliyini qeyd edir. Bu son dərəcə gözəl eksponatlar kolleksiyası Rumıniyanın ən tanınmış idmançısı İon Siriak tərəfindən toplanıb.
Dünya tennis tarixində ən nüfuzlu insanlardan biri olan keçmiş tennisçi, xokkeyçi, ictimai xadim və biznesmen İon Siriak paytaxt ətrafı Otopendəki Anri Koande adına Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən unikal Avtomobillər Muzeyini idarə edir, burada son on il ərzində 1899-cu ildən bəri buraxılmış yüzlərlə avtomobillərin modelləri təqdim olunub.
“Bu kolleksiyadan olan və burada təqdim olunan bütün avtomobillər 100 faiz funksionaldır, - deyə Siriak “Euronews” kanalına bildirib. - Təxminən hər 40 gündə bir dəfə bu avtomobillərdə 3-4 dəfə məhəllə ətrafında hərəkət edilir. Onlar ən azından 1-1,5 kilometrlik məsafəni qət edirlər, əks halda hər şey boşa çıxardı”, - deyə o əlavə edib.
Muzey sadəcə dəbdəbəli avtomobillərin nümayiş olunduğu bir yer deyil. O, həmçinin işlək qarajdır, burada eksponatlardan bir neçəsi son onillik ərzində bərpa olunub və hazırda onları hamı seyr edə bilər.