DÜNYA
CAR Prezidenti: Afrikanın Ukraynaya dair sülh planı digər təşəbbüsləri tamamlayır
![CAR Prezidenti: Afrikanın Ukraynaya dair sülh planı digər təşəbbüsləri tamamlayır](/files/2023/2/1200x630/16897213355760434699_1200x630.jpg)
Bakı, 19 iyul, AZƏRTAC
Afrikanın yeddi ölkəsinin Ukrayna böhranının həlli yollarını tapmaq planı digər dövlətlərin təşəbbüslərinə əlavədir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa bildirib. Onun sözlərinə görə, Rusiya və Ukraynaya səfər etmiş yeddi Afrika ölkəsinin nümayəndələri Ukrayna böhranının sülh yolu ilə həlli üçün 10 bəndlik plan təqdim ediblər.
Ramafosa BRICS siyasi partiyalarının (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) Yohannesburqda görüşü münasibətilə təşkil edilən qəbulda çıxışı zamanı deyib: “Ukrayna böhranının həlli ilə bağlı başqa təkliflər, o cümlədən Çin və Braziliyanın təqdim etdiyi təkliflər haqqında məlumatlıyıq. Biz öz təkliflərimizi onlara əlavə hesab edirik”.
CAR Prezidentinin sözlərinə görə, Afrika ölkələri Ukraynadakı münaqişənin mənfi nəticələrini yaşadıqları üçün təşəbbüs göstəriblər: “Ərzaq və yanacağın qiymətlərində artım var, bahalıq artır. Biz müşahidəçi qismində qala bilmədik. Biz bu münaqişənin sona çatdırılmasına dair Afrika baxışını təqdim etdik. Təşəbbüsümüzün bir çox ölkələr, ilk növbədə, Rusiya və Ukrayna tərəfindən yaxşı qarşılanmasından qürur duyuruq.
Xatırladaq ki, Zambiya, Komor adaları, Seneqal, Cənubi Afrika prezidentləri, Misirin baş naziri, habelə Konqo Respublikası və Uqanda nümayəndələrinin daxil olduğu yeddi Afrika ölkəsindən ibarət nümayəndə heyəti iyunun 16-da Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski, iyunun 17-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin ilə görüşüblər.