CƏMİYYƏT
“CARE International”ın baş idarəçisi COP29-dan gözləntilərini AZƏRTAC-a danışıb VİDEO
Bakı, 14 noyabr, Xəyalə Cəfərova, AZƏRTAC
Bu gün COP29-un dördüncü günü yekunlaşıb. “CARE International” təşkilatının Tanzaniyadan olan baş idarəçisi, ianələrin yığılması üzrə mütəxəssis Kristina Con COP29 məkanında AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.
-COP29-da iştirakda əsas məqsədləriniz nələrdir və bu konfransda nələrə nail olmağa ümid edirsiniz?
COP29-da iştirak etməkdən çox məmnunuq. Bu, mənim COP-da ilk iştirakımdır. Bizim fəaliyyətimiz əsasən kənd təsərrüfatı sektoru ilə bağlıdır. Biz Tanzaniyada fermerlərlə iqlimə uyğun olan kənd təsərrüfatı təcrübələrini bölüşürük. Həmçinin biz bu sahədə Tanzaniya hökuməti ilə birgə çalışırıq. COP29-da iştirakımızın əsas məqsədi iqlimlə bağlı innovasiyalar və strategiyalar barədə məlumat almaqdır. Həmçinin biz başqa təşkilatlarla bu sahədə əməkdaşlıq qurmaq istəyirik. Gözləntilərimiz bundan ibarətdir ki, COP-un sonunda çoxlu əməkdaşlıqlar quraq.
-Azərbaycanın COP29-a ev sahibliyini necə qiymətləndirirsiniz?
Fikir verdim ki, sizin insanlarınız çox qonaqpərvərdirlər, istənilən məsələdə kömək olmağa çalışırlar. Ən sevdiyim məqam ondan ibarətdir ki, təşkilatçı Azərbaycan bizə hər sahədə yardım etməyə çalışır. Nəqliyyat məsələsi çox sadə şəkildə həll olunub, bizə uyğundur. Biz bunu hava limanından gələndə hiss etdik, elə oradan bizə yardım etməyə başladılar. Könüllülərin işi də təqdirəlayiqdir. Mən bunu özüm müşahidə etdim və təşkilatçı tərəfin könüllülərlə işləməyini çox bəyəndim. Bu könüllülər bizə çox yardım göstərirlər. Bu, COP29-da ən çox sevdiyim ikinci məqamdır.
-Müsahibə üçün təşəkkür edirik.