Cavad xan Gəncəlinin azadlıq mücadiləsi ilə bağlı elmi seminar
Bakı, 19 yanvar, AZƏRTAC
AMEA-nın A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin təşkilatçılığı ilə “Cavad xan Gəncəlinin azadlıq mücadiləsi-220” adlı elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev Cavad xanın rus işğalçılarına qarşı vuruşaraq həlak olmasından 220 il ötdüyünü söyləyib. İlqar Niftəliyev qeyd edib ki, sovet tarixçilərinin əsərlərində Azərbaycan xanlıqlarının Rusiyanın hakimiyyətini guya könüllü qəbul etdikləri iddia olunsa da, Gəncə xanlığının timsalında bunun tam əksi müşahidə olunur.
Daha sonra professor Hacı Həsənov “Gəncənin Rusiya tərəfindən işğalı Azərbaycan tarixşünaslığında” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, 1803-1804-cü illərdə Gəncə xanlığı ətrafında baş verən hadisələrə Azərbaycan sovet tarixşünaslığında birtərəfli qiymət verilib və Cavad xanın başçılığı ilə Gəncənin rus ordusuna müqaviməti barədə heç yerdə yazılmayıb. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu hadisələrə düzgün qiymət verilməyə başlanılıb. Tarixçilərimizin əməyi sayəsində o hadisələrin üzərindən örtük götürülüb və yazılan əsərlərdə 1804-cü ildə rus ordusu tərəfindən Gəncənin işğalı tarixi mötəbər sənədlərə əsasən yazılıb.
Tarix üzrə fəlsəfə doktoru, dosent Ramil Niftəliyev “Cavad xan Gəncəlinin siyasi portretinin bəzi cizgiləri” mövzusunda məruzə ilə çıxış edib. Ramil Niftəliyev qeyd edib ki, Cavad xan və ya Cavad xan Ziyadoğlu Qacar (1748-1804) 1786-cı ildən 1804-cü il yanvar ayının 3-dək Gəncənin xanı olub. O, rus generalı P.D.Sisianovun başçılığı ilə mühasirədə saxlanılan Gəncənin azadlığı uğrunda mübarizədə Rusiyanın işğalçı qoşun birləşmələri ilə döyüşdə qəhrəmancasına vuruşub və şəhid olub. Cavad xan XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən hərbi-siyasi hadisələrdə fəal iştirak edən Azərbaycan xanlarından biri idi. Məlum tədqiqatlara görə, Cavad xan 35 döyüşdə iştirak edib.
Tarix üzrə fəlsəfə doktoru, dosent Ənvər Məmmədovun “Şəmşəddil bölgəsi uğrunda Cavad xanın mübarizəsi” mövzusunda məruzəsi dinlənilib. O, məruzəsində Cavad xanla rus generalı P.Sisianov arasında aparılan məktublaşmalardan bəhs edib, həmin məktublarda Cavad xanın Şəmşəddil bölgəsinin hələ 600-700 il əvvəl Gəncə hakimləri tərəfindən idarə olunduğunu və bu əraziyə gürcü çarlığının iddialarının əsassız olduğunu qeyd edib.
Sonda məruzələr ətrafında geniş müzakirələr aparılıb.