Cəbrayıllı məcburi köçkün: İnanırıq ki, müzəffər ordumuz tezliklə xalqımıza qələbə sevincini yaşadacaq
Şəki, 6 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Uzun illərdir işğal altında olan torpaqlarımız üçün darıxırdıq. Hər dəfə orada keçirdiyim uşaqlıq illərini xatırlayanda kövrəlirdim. Bu gün isə sevincimin həddi, hüdudu yoxdur. Sevinirəm ki, ordumuz erməni təcavüzkarlarını doğma torpaqlarımızdan qovur. Artıq bir sıra yaşayış məntəqələrimiz, o cümlədən mənim üçün doğma və əziz olan Cəbrayıl şəhəri, rayonun bir çox kəndləri erməni qəsbkarlarından azad olunub. İnanıram ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tezliklə xalqımıza qələbə sevincini yaşadacaq və bütün torpaqlarımız işğaldan azad olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Şəki rayonunda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkün, təhsil işçisi İsmayıl Balacayev söyləyib.
Məcburi köçkün bildirib ki, Cəbrayıl şəhərinin, həmçinin digər yaşayış məntəqələrinin işğaldan azad edilməsi Azərbaycan tarixinin qələbə salnaməsinin parlaq səhifələrindəndir. “Torpaqlarımızın azad edilməsində iştirak edən əsgər və zabitlər xalqımızın ən qəhrəman oğullarıdır. Məhz onların şücaəti sayəsində ata-baba torpaqlarımız geri qaytarılır, şəhidlərimizin qisası alınır. İşğaldan azad edilən torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalanır”, - deyə cəbrayıllı məcburi köçkün vurğulayıb.
İsmayıl Balacayev rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşünün davam edəcəyinə, işğal altında olan digər ərazilərin də tezliklə düşməndən azad ediləcəyinə, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdacaqlarına ürəkdən inandığını bildirib.