Cəlilabadda Beynəlxalq Qadınlar Günü qeyd edilib
Cəlilabad, 7 mart, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunda Beynəlxalq Qadınlar Günü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayonun qadınlarını əlamətdar gün münasibətilə təbrik edib.
Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınının fəaliyyətinə yüksək qiymət verdiyini, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşdığını vurğulayan N.Zeynalov Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını diqqətə çatdırıb.
Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti göstərməklə, bəşəriyyətin ali ideallarına xidmət etməklə dünyada müasir Azərbaycan qadınının obrazını təcəssüm etdirir.
Tədbirdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunmuş rayon mərkəzi xəstəxanasının həkim-nevropatoloqu Gülər İsgəndərovaya “Tərəqqi” medalı təqdim edilib.
Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupuna isə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
Bayram süfrəsi arxasında davam edən tədbirdə rayonun incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.