Cənub bölgəsində fəaliyyət göstərən vəkillərin iştirakı ilə regional müşavirə keçirilib
Lənkəran, 7 aprel, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə vəkillik institutunun inkişaf etdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində aprelin 7-də Lənkəranda region vəkillərinin iştirakı ilə müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Lənkəran Şəhər Məhkəməsinin inzibati binasında keçirilən müşavirədə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamının vəkillik institutu üçün əhəmiyyəti, bununla bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Vəkillər Kollegiyasının rəhbərliyi regionda fəaliyyət göstərən vəkillərin problemləri ilə maraqlanıb, onların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən vəkillər Azərbaycan Respublikası Prezidentinin Sərəncamını və onun icrası çərçivəsində görülən işləri yüksək dəyərləndirərək, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi məqsədilə vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli formada həyata keçirilməsinin vacibliyini, habelə vəkillərin peşə etikası məsələlərinə daha həssaslıqla yanaşılacağını diqqətə çatdırıblar.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavini Pərviz Ələkbərov və Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev cənub bölgəsinə səfər çərçivəsində Masallı, Lənkəran və Cəlilabadda fəaliyyət göstərən vəkil qurumlarında olub, onların fəaliyyəti ilə maraqlanıblar. Regiondakı vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılmasına dair müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.
Anar Bağırov vəkil qurumlarının fəaliyyət göstərdikləri binaların vətəndaşlara yüksəkkeyfiyyətli hüquqi xidmət göstərilməsi üçün əlverişli vəziyyətə gətirilməsinin, qurumların elektron avadanlıqlarla təchiz edilməsinin vacibliyini vurğulayıb, Prezidentin Sərəncamının bu məsələlərin həllinə yol açdığını bildirib.
Vəkillər Kollegiyasının rəhbərliyi yaxın vaxtlarda ölkəmizin digər bölgələrinə də səfər edəcək.